logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

AHİK-də Ümumdünya Layiqli Əmək Günü ilə bağlı tədbir keçirilib


image small

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə AHİK-in Aparat işçiləri, üzv təşkilatların nümayəndələri, o cümlədən hüquq və texniki əmək müfəttişləri iştirak ediblər.

Tədbirin açılışında AHİK sədrinin müşaviri Orxan Ərəbov çıxış edərək layiqli əməyin mahiyyəti, dövlətimiz və həmkarlar ittifaqları tərəfindən bu aspektdə görülən işlər, Ümumdünya Layiqli Əmək Gününün təsis olunmasının əhəmiyyəti haqqında məlumat verib, həmçinin bu istiqamətdə qarşıda duran vəzifələri qeyd edib. Bildirib ki, layiqli əmək anlayışının təyin edilməsinə 4 sfera – məşğulluq, hüquq, müdafiə və dialoq daxildir. Bunlar layiqli gəlirdən başlayaraq əmək şəraiti, işçilər arasında bərabərlik, rəhbərlik ilə işçi arasında dialoq, eləcə də sosial müdafiədən istifadəyə qədər bütün aspektləri əhatə edir.

Onun sözlərinə görə, layiqli əmək şəraitində çalışan işçinin əmək keyfiyyəti yüksəlir və bu istehsal prosesinin daha da yaxşılaşmasına və məhsuldarlığına səbəb olur: “BMT-nin 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üzrə təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən biri də hər kəs üçün layiqli məşğulluğun və layiqli əməyin təbliğ olunmasıdır. Ötən dövrdə Azərbaycan BƏT-nin 60-dək konvensiyasına qoşulub, bu qurumla birgə artıq iki Layiqli Əmək üzrə Ölkə Proqramı uğurla icra olunub, eləcə də yeni Layiqli Əmək üzrə Ölkə Proqramının layihəsi üzərində hazırda iş aparılır. Proqram ölkəmizdə beynəlxalq gündəliyə uyğun fundamental əmək hüquqları və prinsiplərinin təminatında yeni təşəbbüsləri nəzərdə tutur. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur”.

Sonra tədbirdə layiqli əməklə bağlı müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Tədbir iştirakçıları tərəfindən Layiqli Əmək üzrə Ölkə Proqramı ilə bağlı aparılan ictimai müzakirələrdə həmkarlar ittifaqlarının da iştirakı, il ərzində layiqli əməklə bağlı fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi, həmçinin tanınmış insanlar və ictimai nüfuzlu şəxslərdən ibarət Layiqli Əmək Səfirləri adlı maarifləndirici layihənin də həyata keçirilməsi və digər 30-dək müxtəlif təkliflər səslənib və qeydə alınıb.

Həmçinin tədbirdə mövzu üzrə iştirakçıların sualları cavablandırılıb.

07.10.2024  [ 14:12 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.