Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədris ali təhsillə bağlı mövcud qanunvericiliyə əsasən təşkil olunur. Tədris ili iki semestrdən: payız və yaz semestrlərindən ibarətdir. Bundan əlavə, yay tətili müddətində altı həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Tələbənin beş günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; təcrübələrdə iştirak etməsi; laboratoriya işlərini yerinə yetirməsi; imtahanlara hazırlığı və imtahanları verməsi; buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi kimi fəaliyyəti üzrə müəyyənləşdirilir.
Tədris prosesi auditoriya və auditoriyadankənar şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq müəyyənləşdirilir. Bu zaman bütün növ dərslərin bir akademik saatına bir saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir.
Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 mart 2018-ci il tarixli 78 saylı qərarına əsasən akademik borcu olan tələbələr 1 və ya 2 fəndən, həmin fənn üçün nəzərdə tutulan məbləğin 25%-ni ödəməklə təkrar imtahan verirlər.