Sentyabrın 26-da Bakıda Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Beynəlxalq Əmək Təşkilatı
(BƏT-ACTRAV), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) və
Pan-Avropa Regional Şurasının (PARŞ) birgə təşkilatçılığı ilə “İqlim dəyişmələri
və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda
beynəlxalq konfrans keçirilir.
Konfransdan öncə
AHİK sədri Sahib Məmmədov və tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər
Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül
dəstələri qoyublar.
Görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub,
məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin
konfrans nümayəndələri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və
azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin
ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsi
önünə əklil qoyulub.
Sonra “Fairmont
Baku” otelində Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə konfrans öz
işinə başlayıb. Tədbirdə Azərbaycanın hökumət nümayəndələri, AHİK-in və üzv
təşkilatların rəhbərləri və əməkdaşları, BƏT-ACTRAV, BHİK və PARŞ-nin rəsmi
şəxsləri, eləcə də Avropa, Asiya və Afrikanın müxtəlif ölkələrinin həmkarlar
ittifaqlarının rəhbərləri və nümayəndələri, habelə Azərbaycanın iqlim siyasəti
üzrə ekspertləri, ekoloji fəallar, sahibkarlar, özəl sektorun və qeyri-hökumət
təşkilatlarının nümayəndələri iştirak edirlər.
Konfrans həmkarlar ittifaqlarının iqlim
dəyişmələri və ədalətli keçid proseslərindəki rolunun təşviqi, COP29 üçün
prioritetlərin müəyyənləşdirilməsi və icrası, dünyanın müxtəlif bölgələrində
həmkarlar ittifaqlarının təcrübə mübadiləsi, həmçinin həmkarlar ittifaqları,
hökumətlər və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi məqsədini
daşıyır.
Açılış
mərasimində AHİK sədri Sahib Məmmədov konfransın məqsədi, əhəmiyyəti və
aktuallığı barədə məlumat verib. Bildirib ki, COP29 ərəfəsində keçirilən bu
konfrans iqlim dəyişmələri ilə mübarizədə uğur qazanmış ölkələrlə bu sahədə
təcrübəsi az olan dövlətlər arasında mühüm tribuna olacaq: “Ekspertlərin
təqdimatları və aparılan kollektiv müzakirələr ətraf mühitdə itirdiklərimizin
bərpasında həmkarlar ittifaqlarının rolu və iştirakı barədə aydın təsəvvürlər
yaradacaq. Həmçinin Paris Raşılaşmasında nəzərdə tutulan mühüm hədəflərə nail
olunmasına və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına töhfə verəcəyimizə
ümid edirik. İqlim dəyişmələri milyardlarla insanın həyatına mənfi təsir
göstərir, milyonlarla canlı və bitki növlərinin mövcudluğu təhlükə altındadır.
Azərbaycan qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə öndə gedən
ölkələr sırasındadır. Təmiz ətraf mühit və “yaşıl enerji” ölkəmizin əsas
hədəfləridir. Görülən işlər təsdiqləyir ki, cənab Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan bu sahədə müəyyənləşdirdiyi hədəflərinə nəzərdə
tutulan vaxtdan daha tez çatacaq”.
Onun sözlərinə
görə, həmkarlar ittifaqlarının da iqlim dəyişmələri və “yaşıl iqtisadiyyat”la
bağlı fəal olması, “yaşıl iş yerləri” yaradılmasına önəm verməsi və ideyalarını
bölüşməsi olduqca əhəmiyyətlidir: “Hesab edirəm ki, bu istiqamətdə
qanunvericiliyin təkmilləşdirilməsi, informasiyanın geniş kütləyə çatdırılması
üçün iri miqyaslı müzakirələr keçirilməlidir. Nəzərinizə çatdırım ki, hazırda
aşağı karbonlu cəmiyyətə keçid prosesində işçilərin sosial müdafiəsini təşkil
etmək üçün həmkarlar ittifaqlarının özəl siyasəti və fəaliyyət planlarının
işlənib hazırlanması üzərində işlər aparılır”.
Konfederasiya
sədri Sahib Məmmədov sözü gedən mövzu ilə bağlı Azərbaycan həmkarlar
ittifaqlarının gördüyü işlərdən də bəhs edib. Vurğulayıb ki, BƏT və AHİK-in
birgə təşkilatçılığı ilə Azərbaycanın və Türkmənistanın həmkarlar ittifaqları
üçün “Yaşıl iş yerləri və ədalətli keçid” mövzusunda birgə seminar keçirilib:
“Azərbaycanda “yaşıl iş yerləri”nin yaradılması vasitəsilə ekoloji dayanıqlı
iqtisadiyyata ədalətli keçid üzrə həmkarlar ittifaqlarının strategiyasının
hazırlanması haqqında” analitik icmal hazırlanıb. BƏT/AKTRAV-nin birgə layihəsi
çərçivəsində “Qlobal istiləşmə və uyğunlaşmaya ədalətli keçid. Azərbaycan
həmkarlar ittifaqlarının fəaliyyəti” mövzusunda 12 tədqiqat işi aparılıb.
Həmçinin bu il BƏT ilə birlikdə 4 seminar təşkil olunub. Son illərdə AHİK-in
təklifləri əsasında Baş Kollektiv Sazişə salınmış “İçməli suyun keyfiyyəti və
içməli su ilə təchizat haqqında” Qanun layihəsinin işlənməsinə, habelə texniki
təmayüllü təhsil müəssisələrində əməyin mühafizəsi və ekologiya üzrə
kafedraların yaradılmasına və sözügedən sahələrdə ixtisaslı məzunların
hazırlanmasına başlanılıb. AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında
əmək üzrə texniki müfəttişlərə ətraf mühitin mühafizəsi və radiasiya
təhlükəsizliyi haqqında qanunvericiliyin tədrisi təşkil edilib, fənlər üzrə
metodiki vəsaitlər və təlimatlar hazırlanıb”.
Çıxışının
sonunda AHİK sədri qeyd edib ki, gələcək nəsillərin taleyi, həmçinin daha
təmiz, dayanıqlı və ədalətli keçidə nail olmağımız üçün hər birimiz qətiyyət və
əzmkarlıq nümayiş etdirməliyik.
Ardınca COP29-un
müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayevin videomüraciəti nümayiş etdirilib.
İqtisadiyyat
nazirinin müavini Sahib Ələkbərov isə iqlim dəyişmələri ilə mübarizdə
Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən, bu istiqamətdə görülən işlərdən,
ölkəmizin yaşıl enerji siyasətindən, habelə Qarabağ və Şərqi Zəngəzurda yaşıl
iqtisadiyyatla bağlı irihəcmli infrastruktur layihələrindən danışıb.
Əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Anar Əliyev çıxışında iqlim dəyişmələrinin
dünya iqtisadiyyatı üzərində təsirlərini qeyd edib, “yaşıl iqtisadiyyat”a keçid
və bu aspektə ortaya çıxacaq sosial risklərdən və onun həlli yollarından söz açıb,
eləcə də sosial tərəfdaşlığın önəmini vurğulayıb. Bildirib ki, layiqli əməyə
sosial dialoqun inkişafı əsasında nail olunması ”yaşıl iqtisadiyyata” keçid
dövründə tədbirlərin uğurla həyata keçirilməsi üçün əsas şərtdlərdən biridir və
bu, əmək sferasının və sosial müdafiənin inkişafında yeni yanaşmaların
tətbiqini zəruri edir.
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev iqlim dəyişmələrinin fəsadlarından, “yaşıl
iqtisadiyyat”a keçid prosesində iş yerlərinin qorunmasından, özəl sektorun
dəstəklənməsindən danışıb. Deyib ki, innovasiya və texnologiyaya çıxış, xüsusi
maliyyələşdirmə mexanizmləri rəqabət qabiliyyətini və dayanıqlı iqtisadiyyat
yaradan uğurlu keçidi təmin etmək üçün vacibdir, eləcə də bir çox risklər var
və yanlış idarə olunan iqlim siyasəti gözlənilməz nəticələr yarada bilər. O
qeyd edib ki, biznes və hökumətlər iş yerləri yaratmalı, iqlim dəyişikliyinin
təsirlərini azaltmaqla bərabər, iqtisadiyyatın dayanıqlığını təmin edən
layihələr, birgə fəaliyyətlər həyata keçirməlidirlər.
BHİK Baş
katibinin müavini Erik Manzinin, BƏT-nin Şərqi Avropa və Mərkəzi Asiya ofisinin
direktoru Mixail Puşkinin və BƏT-nin İşçilərinin fəaliyyətləri üzrə Bürosunun
direktoru Maria Helena Andrenanın çıxışları dinlənilib. Qonaqlar iqlim
dəyişmələrinin dünyada doğurduğu fəsadlardan, bu istiqamətdə beynəlxalq
təşkilatların atdığı addımlardan, həmkarlar ittifaqlarının üzərinə düşən
vəzifələrdən, bu kontekstdə işçi hüquqları ilə bağlı qarşılıqlı dioloqun və
fikir mübadilələrinin əhəmiyyətindən bəhs ediblər.
Açılış
mərasimindən sonra konfrans çərçivəsində ədalətli keçid, iqlim dəyişmələri və
işçilərin hüquqları ilə bağlı mövzular üzrə panel müzakirələr başlayıb.
Həmçinin konfransda iqlim danışıqlarında həmkarlar ittifaqlarının iştirakını
artırmaq üçün fəaliyyət planları və strategiyaların hazırlanması istiqamətində
interaktiv sessiyalar təşkil olunub, müxtəlif tərəflər arasında əməkdaşlıq üçün
görüşlər baş tutub.
Qeyd edək ki,
konfrans sentyabrın 27-də də panel müzakirələrlə davam edəcək.