Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar
ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.
AHİK-in
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilən tədbirdə
Konfederasiyanın və ATİAHİRK-nın rəhbərləri, ölkənin bir sıra nüfuzlu ali təhsil
müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri,
AƏSMA-nın müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə
Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmış şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra
tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə həyata keçirilən
gənclər siyasətindən danışıb, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin
vətənpərvər ruhda böyüməsi, potensialının reallaşdırılması, yüksək ixtisaslı
kadr kimi formalaşması istiqamətində görülən işləri qeyd edib. Heydər Əliyev
Fondunun Azərbaycan gəncliyinin inkişafında xidmətlərini vurğulayan
Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə elm, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində uğurlu layihələrin həyata
keçirildiyini diqqətə çatdırıb.
Qeyd
edilib ki, Konfederasiya dövlətin gənclər siyasətinə fəal dəstək verir, onların
sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və
potensialının inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər və layihələr həyata
keçirir. Belə layihələrdən olan “Adlı təqaüd”ün tələbə gənclərin elm və təhsilə
marağının artmasına, potensialının inkişafına əhəmiyyətli töhfə verir.
Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən
Yusif Ağayev ölkəmizdə insan kapitalının inkişaf etdirilməsinin prioritet məsələlərdən
olduğunu qeyd edib, elmi tərəqqinin, yüksək texnologiyanın inkişaf etdiyi
hazırkı dövrün çağırışlarının qarşıya yeni hədəflər qoyduğunu, bu cür layihələrin
gənclərə stimul verdiyini diqqətə çatdırıb.
Azərbaycanın
regionda iqtisadi və siyasi cəhətdən güclü ölkəyə çevrildiyini vurğulayan Bakı
Dövlət Universitetinin rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil
ocağının fəaliyyətindən danışıb, tələbə gənclərin potensialının üzə
çıxarılmasında “Adlı təqaüd” kimi layihələrin əhəmiyyətini qeyd edib, AHİK-lə əlaqələrin
genişləndirilməsi istiqamətində təkliflərini səsləndirib.
Sonra
çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkəmizdə
təhsilə göstərilən diqqət və qayğıdan, ali təhsilə əlçatanlığın təmin olunması
üçün görülən işlərdən danışıb, gənclərin elmə, təhsilə marağının artırılmasında
layihənin önəmini qeyd edib.
Tədbirin
sonunda “Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.
Təqaüd
alan tələbələr çıxış edərək göstərilən etimadın onları daha yaxşı oxumağa həvəsləndirdiyini,
elmə, təhsilə maraqlarını daha da artırdığını vurğulayıblar.
Qeyd
edək ki, ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir,
ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni
zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki
inkişafına dəstək məqsədi daşıyır.