14 mart tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Karyera planlaması niyə mühümdür?” adlı seminar keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) tələbələri üçün keçirilən seminarın məqsədi, karyera planlamasının əhəmiyyəti və faydaları, karyera məqsədlərinin düzgün təyin edilməsi, şəxsi və peşəkar məqsədlərin balanslaşdırılması, məşğulluq bazarının təhlili kimi mövzuları ilə bağlı fərqindəlik yaratmaq olub.
Tədbirdə çıxış edən AHİK sədrinin müşaviri Orxan Ərəbov, AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən dos. Yusif Ağayev və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdir müavini Adil Abdullayev TİPx formatının əhəmiyyəti barədə fikirlərini bölüşərək, gənclərin müasir dövrdə rəqabət qabiliyyətli olmalarının, əmək bazarında rəqabətə davamlı olmaları baxımından, eyni zamanda insan potensialının formalaşmasında bu cür tədbirlərin mühüm rol oynadığını vurğulayıblar.
Daha sonra Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Zeynəb Sabirlinin moderatorluğu ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İnformasiya Texnologiyaları və Rəqəmsal İdarəetmə şöbəsinin müdiri Azər Sanılı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İctimaiyyətlə Əlaqələr və Kommunikasiya departamentində müdir müavini Sərvər Abdullayev, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı çıxış edib.
Seminarın davamında spikerlər tərəfindən tələbələri maraqlandıran suallar cavablandırılıb.