Xəyalə Akif qızı Məmmədova

6 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.

2000-2004-cü ildə Xəzər Universitetinin Regionşünaslıq ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Beynəlxalq Əlaqələr / Biznes Administrasiyası ixtisası üzrə magistratura dərəcəsini bitirmişdir.

2011-2016 -cı illərdə namizədlik dissertasiyasını müdafiə edərək,sosial fəlsəfə üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 2023-cü ildə AMEA, Fəlsəfə İnstitutunun Elmlər Doktoru hazırlığına qəbul edilmiş, hal-hazırda təhsilini davam etdirir. (Elmi rəhbəri- Akademik, Millət vəkili Ziyad Səmədzadədir)

2005-2020-ci illərdə Xəzər Universitetində beynəlxalq əlaqələr üzrə mühazirəçi, 2006-2009-cu illərdə “Humanitar və sosial elmlər” fakültəsinin dekan müavini, Siyasi Elmi Mərkəzinin icraçısı kimi müxtəlif vəzifələrdə çalışmışdır. 2022-ci ilin sentyabr ayından Bakı Dövlət Universitetində “Davamlı İnkişaf Məqsədlərinin əsasları” və “Müasir İdarəetmənin texnologiyaları” fənnlərini tədris edir.

2009-2020-ci ilə qədər Azərbaycanda Humanitar və Sosial Elmlər sahəsində Thomson Reuters’Web of Science elmi platformasına daxil olan “Khazar Journal of Humanities and Social Sciences / “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı” adlı yeganə beynəlxalq elmi jurnalın baş redaktor müavini vəzifəsini uğurla icra etmişdir.

2018-ci ildən “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar” İctimai Birliyinin sədridir.

2009-cu ildən bu günə qədər ISSN Beynəlxalq Agentliyin Azərbaycan üzrə əlaqələndiricisi vəzifəsini icra edir. (Əqli Mülkiyyət Agentliyinin rəsmi şəhadətnaməsi - №1118-Q64-3618)

2009- 2023-cü ilə qədər Azərbaycan Su İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifəsini, 2023-2025-ci ilin aprel ayının 3-nə qədər Sədr müavini vəzifəsini uğurla icra etmişdir.

2016-cı ildən Prezident İlham Əliyevin Azərbaycanda “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar Beynəlxalq Multikultural Şəbəkəni təsis etmişdir və bu günə qədər də rəhbərlik edir. Xatırladaq ki, hazırda Beynəlxalq Multikultural Şəbəkənin 50-dən çox ölkədə rəsmi nümayəndələri fəaliyyət göstərir.

2015-2019-cu illərdə BMT Qlobal Saziş layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi olmuşdur.

2017-ci ildən bu günə qədər “Elm və İnnovativ Texnologiyalar” beynəlxalq elmi jurnalın Təsisçi- Redaktoru vəzifəsini;

2017-ci ildən bu günə qədər “Beynəlxalq Humanitar və Sosial İnkişaf tədqiqatları” adlı ingilisdilli beynəlxalq elmi jurnalın təsisçisi və baş redaktoru vəzifəsini;

2021-ci ildən bu günə qədər “Beynəlxalq İslam Sufizmi” adlı ingilisdilli beynəlxalq elmi jurnalın təsisçisi vəzifəsini;

2020-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Beynəlxalq Multikulturalizm” adlı ingilisdilli elmi-jurnalının Redaktor müavini vəzifələrini uğurla icra edir.

11 aprel, 2025-ci il tarixindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsini icra edir.

Yerli və beynəlxalq elmi jurnallarda araşdırma sahələri üzrə 40-dan çox elmi-məqaləsi çap olunub.Mütəmadi olaraq, Azərbaycanda və xarici ölkələrdə beynəlxalq tədbirlərin Təşkilat Komitələrinə rəhbərlik edir.Eyni zamanda, ölkədə və xaricdə təşkil edilən tədbirlərdə iştirak edərək müxtəlif medal və sertifikatlar əldə etmişdir.

Ölkəmizin mədəni-ictimai həyatındakı fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2013-cü il tarixli sərəncamına əsasən, “Tərəqqi” medalına layiq görülmüşdür.

Ailəlidir, üç övladı vardır.