Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında IOSH və Cisco beynəlxalq imtahan mərkəzləri yaradılacaq

 11 iyun 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında praktiki yönümlü və fənlərarası beynəlxalq proqramların tətbiqinə həsr olunmuş tədbir keçirilib.

Görüşdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti ilə yanaşı, “HBN Group” MMC-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən dosent Yusif Ağayev əmək bazarının artan tələbləri şəraitində cəmiyyətin dayanıqlı inkişafının təmin olunmasında səriştəlilik səviyyəsi yüksək olan işçi qüvvəsinin formalaşdırılmasının vacibliyini vurğulayıb. O, beynəlxalq standartlara əsaslanan təhsilin yeni iş yerlərinin yaradılmasına, əmək məhsuldarlığının və sosial rifahın artmasına mühüm təsir göstərməyini bildirib.

Tədbir zamanı Avropanın peşə sağlamlığı və təhlükəsizliyi üzrə mütəxəssislərin sayına görə lideri IOSH təşkilatı eləcə də, şəbəkə texnologiyaları və internet avadanlıqları sahəsində qlobal lider Cisco Systems şirkəti barədə təqdimatlar “HBN Group” MMC-nin icraçı direktoru Tariyel Dövlətov və Cisco ekspert Fərid Əmirov tərəfindən keçirilib. İştirakçılar beynəlxalq təcrübələrlə tanış olmaqla yanaşı, peşəkarlarla birbaşa ünsiyyət qurmaq və suallarına ətraflı cavab almaq imkanı əldə ediblər.

Sözü alan AƏSMA-nın Həmkarlar ittifaqları kadr və fəalların ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Səadət Əliyeva bu təşəbbüsü yüksək qiymətləndirdi. O vurğuladı ki, IOSH və CISCO kimi nüfuzlu təşkilatların təlim proqramlarının Akademiyaya gətirilməsi və onların əsasında imtahan mərkəzlərinin yaradılması iki mühüm məqsədə xidmət edir: bir tərəfdən, ən aktual və faydalı təlimlərə çıxış imkanlarını genişləndirir, digər tərəfdən isə həm tələbələrin, həm də əməkdaşların bilik və bacarıqlarının beynəlxalq sertifikatlarla təsdiqlənməsinə şərait yaradır.

Qeyd olunan təşəbbüslər sayəsində gələcək təlim iştirakçıları təkcə ölkə daxilində deyil, həm də beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq imkanlarına sahib olacaqları bildirilib.