29 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Effektiv təqdimat qaydaları və süni intellekt vasitəsilə yeni inkişaf meyarları ” adlı təlim təşkil edilib. Təlimin “Effektiv təqdimat qaydaları” adlı birinci hissəsi AƏSMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova tərəfindən keçirilib.
Akademiyanın müxtəlif ixtisaslı tələbələrinin iştirak etdiyi təlimdə, effektiv təqdimatın hazırlanması, təqdimat bacarıqları ilə bağlı karyera sahəsində yüksəlməyə kömək edəcək bir sıra strategiyalar və təcrübələr təqdim edilib. İstənilən layihənin, ideyanın və ya məlumatın effektiv şəkildə təqdimi üçün praktiki alətlər və metodologiyalarla bağlı tələbələr qısa təcrübə keçərək, geniş müzakirədə iştirak ediblər.
Eyni zamanda təlimin ikinci hissəsində çıxış üçün dəvət edilən , AƏSMA-nın 3-cü kurs tələbəsi, süni intellekt vasitəsilə maraqlı oyun layihələri yaradan Rəvan Duman “Təqdimatları süni intellekt vasitəsilə necə daha effektiv hazırlaya bilərik?!” adlı maraqlı nitqində vaxta qənaət etmək,süni intellektin təqdimat hazırlığında inkişafı və rolu kimi mövzulara toxunub.
Qeyd edək ki, Rəvan Duman "44 Days: Karabakh War" adlı oyun layihəsinin yaradıcılarındandır. Bu oyun həm mövzusu, həm də texniki səviyyəsi ilə neçə vaxtdır ki, cəmiyyətdə böyük maraq doğurub. Layihənin məqsədi Qarabağ müharibəsini rəqəmsal müstəviyə daşıyaraq, həm tarixi yaddaşın qorunmasına, həm də oyun sənayesində yerli imzanın formalaşmasına töhfə verməkdir. Dil baxımından oyunun ilk versiyası Azərbaycan dilində dublaj, ingilis dilində altyazı ilə təqdim olunacaq. Bununla belə, yalnız süjetə əsaslanmayan, zəngin oyun mexanikaları və funksional tapşırıqlar da oyunçular üçün önəmlidir və layihədə bu balans diqqətlə qorunur. Layihənin ilk iki saatlıq demo versiyasının 8 noyabr 2025-ci il tarixində yayımlanması planlaşdırılır.
Effektiv təqdimat qaydaları, süni intelletin dəstəyi ilə təqdimatın inkişaf istiqamətləri, eləcə də yaradılan bu oyun layihəsi haqqında da təlim iştirakçılarını maraqlandıran suallar geniş cavablandırılıb.