ATİAHİ Respublika Komitəsi və AƏSMA-nın birgə təşkilatçılığı ilə keçirilən əmək hüququ və sosial təminat sahəsində növbəti təlimlər başa çatıb

13 - 17 may tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə “Əmək qanunvericiliyinin tətbiqi problemləri” və “Sosial təminat qanunvericiliyinin tətbiqi problemləri” mövzularında təşkil edilən növbəti ixtisasartırma təlimləri yekunlaşıb.

Təlimlərin yekununda çıxış edən AƏSMA-nın rektor vəzifəsini icra edən dos. Yusif Ağayev AHİK-in dəstəyi ilə həyata keçirilən belə proqramların iştirakçıların hüquqi savadlılığının artırılmasında və normativ sənədlərin tətbiqində rast gəlinən çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, təlimlər interaktiv formatda həyata keçirilib və iştirakçılar əldə etdikləri bilikləri praktiki nümunələr üzərində sınaqdan keçirmək imkanı qazanıblar.

ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək iştirakçıların əmək münasibətləri və sosial təminatla bağlı normativ hüquqi aktların tətbiqi sahəsində həm nəzəri, həm də praktik biliklər qazandıqlarını və bu məlumatların onların gələcək peşə fəaliyyətində səmərəliliyin artırılmasına töhfə verəcəyini bildirib.

Qeyd edək ki, bu təlimlərin keçirilməsində əsas məqsəd əmək hüququ və sosial təminat sahəsində mövcud hüquqi çərçivənin daha dərindən mənimsənilməsi, tətbiq zamanı yaranan sualların aydınlaşdırılması və iştirakçıların praktik bacarıqlarının inkişaf etdirilməsidir.

Həmçinin, Akademiyanın gələcəkdə də həmkarlar ittifaqı üzvlərinin peşəkar inkişafına dəstək verməkdə davam edəcəyi vurğulanıb.

Tədbirin sonunda təlim proqramında iştirak edən ATİAHİ-nin komitə sədrlərinə sertifikatlar təqdim olunub.