13 may 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə keçirilən “Əmək Qanunvericiliyinin Tətbiqi Problemləri” və “Sosial Təminat Qanunvericiliyinin Tətbiqi Problemləri” mövzularında növbəti ixtisasartırma təlimlərinə başlanılıb.
AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev təliminin açılışında çıxış edərək bu kimi tədbirlərin əmək və sosial sahədə hüquqi biliklərin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Y. Ağayev təlimlərin interaktiv və praktiki yönümlü şəkildə təşkil olunduğunu vurğulayıb.
Təlim çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri Əbülfət Məhərrəmov iştirakçılara sınaq müddətli əmək müqavilələri, əmək münasibətlərində dəyişikliklər, müqaviləyə xitam verilməsi və bu zaman həmkarlar ittifaqının razılığı proseduru, eləcə də iş və istirahət vaxtı və məzuniyyətlər haqqında ətraflı məlumat verib. Günün ikinci yarısında isə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin Qanunvericilik Məsələləri şöbəsinin müdiri Sahil Aslanov iştirakçılara Azərbaycanın pensiya təminatı sistemi barədə təqdimatla çıxış edib.
Qeyd edək ki, ixtisasartırma təlimlərində ATİAHİ RK-nin üzv təşkilatların 33 sədri iştirak edir. Təlimlər 17 may tarixinə qədər davam edəcək.