28 aprel – 2 may tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) birgə təşkilatçılığı ilə “Əmək qanunvericiliyinin tətbiqi problemləri” və “Sosial təminat qanunvericiliyinin tətbiqi problemləri” mövzularında keçirilən növbəti ixtisasartırma təlimləri uğurla yekunlaşıb.
Təlimlərin yekun tədbirində çıxış edən AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev bu kimi təlimlərin qanunvericilik sahəsində bilik və bacarıqların artırılması baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, təlimlər interaktiv formatda təşkil olunub və iştirakçılara əldə etdikləri bilikləri real nümunələr əsasında tətbiq etmək imkanı yaradılıb. Eyni zamanda, Akademiya həmkar üzvlərinin bilik və bacarıqlarının artırılmasına dəstək verməyə də davam edəcək.
АTİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək AHİK-in sədri Sahib Məmmədova və akademiyanın rəhbərliyinə yaradılan yüksək səviyyəli şərait və imkanlara görə təşəkkürünü bildirib.
O vurğulayıb ki, bu təşəbbüs ATİAHİ-nin şəhər, rayon və rayon hüquqlu komitə sədrlərini Azərbaycanın müxtəlif bölgələrindən bir araya gətirməklə onların həm biliklərini artırmasına, həm də bir-birləri ilə yaxından tanış olub öz təcrübələrini bölüşməsinə şərait yaradıb.
Öz növbəsində təlim iştirakçıları da çıxış edərək belə bir fürsətə görə təşkilatçılara təşəkkürlərini bildirib, treninglərin maraqlı keçməsini vurğulayiblar.
Sonda təlimlərdə iştirak edən komitə sədrlərinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimlərin əsas məqsədi iştirakçıların əmək qanunvericiliyi və sosial təminat sahəsində bilik və bacarıqlarının artırılması, qanunvericiliyin tətbiqi zamanı qarşıya çıxan çətinliklərin müzakirə olunması və onların həlli yollarının müəyyənləşdirilməsidir.