AƏSMA prorektorunun həmmüəllifi olduğu məqalə Çin Xalq Respublikasında dərc olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Dr. Xəyalə Məmmədovanın Çin Xalq Respublikasının Nanjinq Kommunikasiya Universitetinin rəsmi xəbər saytında çin və ingilis dillərində “Azərbaycan–Çin münasibətləri: Geosiyasi potensialın güclənməsi və regional təhlükəsizliyin təmini” adlı məqaləsi dərc olunub.

Müəllif məqalənin əsas məqsədlərindən danışarkən qeyd edib ki, dünyanın bütün ölkələri ilə qarşılıqlı şəkildə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq bu əlaqələr qarşılıqlı maraqlar və bir-birinə hörmət prinsipi əsasında yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan–Çin münasibətləri buna yaxşı nümunədir. İki ölkə arasında siyasi və iqtisadi əlaqələrin bu cür ardıcıl inkişafı əsasında formalaşan əməkdaşlıq münasibətləri əsas və uzunmüddətli maraqlara cavab verməklə yanaşı, həm də sülh, sabitlik və sosial-iqtisadi tərəqqiyə xidmət edir.

Bundan başqa, son illərdə iki ölkə arasında humanitar mübadilələr, xüsusilə Azərbaycan və Çin dillərinin tədrisi və turizm sahələri də inkişaf etməkdədir. Strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyanatda iki ölkənin mövcud müqavilə-hüquqi bazası çərçivəsində təhsil sahəsində əməkdaşlığın sabit inkişafı da bəyan edilmişdir.

Getdikcə ölkələrimizin vətəndaşlarının Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almağa marağı ildən-ilə artır. İki ölkənin universitetləri arasında məhsuldar əməkdaşlıq həyata keçirilir, zəruri müqavilə-hüquqi bazanın yaradılması istiqamətində işlər davam edir. Əminik ki, bu sahədəki inkişaf prosesi Çin və Azərbaycan dillərinin təhsil müəssisələrində tədrisinin, müəllimlər arasında mübadilənin və mütəxəssislərin hazırlanmasının dövlət tərəfindən dəstəklənməsi dövlətlərin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin səmərəliliyinə imkan yaradacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına 2025-ci il 22–24 aprel tarixlərində baş tutan dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı daha da dərinləşdirəcək və iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişlənməsinə, qarşılıqlı maraqların daha da artırılmasına xidmət edəcəkdir.

Məqalə Dr. Xəyalə Məmmədovanın və Çin Xalq Respublikasının Nanjinq Kommunikasiya Universitetinin regional və “Kəmər və Yol” təşəbbüsünün əhatə etdiyi ölkələr üzrə elmi tədqiqatçısı Dr. Faiq Ağabalayevin həmmüəllifliyi ilə dərc edilib.

Məqalənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

🔗https://mp.weixin.qq.com/s/zz5drVEbA9fOiKzrBJNW3g