“İDMAN ET, SAĞLAM YAŞA” layihəsi çərçivəsində tələbə-gənclərlə görüş keçirilib

25 aprel 2025-ci il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində fəaliyyət göstərən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA), Azərbaycan Həmkarlar İttifaqaları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) təşkilatçılığı ilə “İdman et, sağlam yaşa” şüarı altında tələbə-gənclərlə görüş keçirilib. Layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gənclərin fəallığının dəstəklənməsidir.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin giriş hissəsində çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Orxan Ərəbov çıxış edərək idmanın gənclər arasında sağlam həyat tərzinin təşviqində, sosial fəallığın və vətənpərvərlik ruhunun gücləndirilməsində əhəmiyyətindən danışmış, belə görüşlərin tələbə-gənclərlə təcrübə mübadiləsi baxımından önəmini diqqətə çatdırmışdır.

Daha sonra çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Nigar Vahabzadə “İdman et, sağlam yaşa” layihəsinin məqsədləri və ideya məzmunu barədə məlumat verərək, bu cür təşəbbüslərin gənclərin fiziki və mənəvi inkişafına verdiyi töhfəni vurğulamış, layihənin maarifləndirmə baxımından əhəmiyyətini qeyd etmişdir.

Tədbirin rəsmi hissəsində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev və Azərbaycan Həmkarlar İttifaqaları İdman Təşkilatları Assosiasiyasının direktoru Tural Qasımov layihənin təşkilindəki məqsədlər, idmanın gənclər üçün inkişaf perspektivləri və gələcək planlar barədə danışıblar.

Tədbirin fəxri qonaqları sırasında tanınmış paralimpiyaçı, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya və səkkizqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar Məşqçisi, 7-ci dan sahibi, Birinci Qarabağ müharibəsi qazisi, bir neçə ali dövlət təltiflərinin sahibi, hal-hazırda Azərbaycan Milli Paralimpiya Komitəsinin vitse-prezidenti və AHİK-in “Layiqli Əmək Səfiri” İlham Zəkiyev, eləcə də 28 qat dünya çempionu, 11 qat Avropa çempionu, “Ağ Canavar” ləqəbli kikboksçu, əməkdar idman ustası, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, polis polkovnik-leytenantı Eduard Məmmədov yer alıblar.

Çıxışlarında hər iki idmançı gənclərlə öz həyat və idman yolundan danışaraq, gənclərə motivasiya verən fikirlər səsləndirmiş, sağlam həyat tərzinin vacibliyini ön plana çəkmişlər. Daha sonra tələbələrlə açıq dialoq formatında interaktiv sual-cavab sessiyası keçirilmişdir.