Əmək qabiliyyətinin yüksəlməsinə,
iş prosesində keyfiyyətin və məhsuldarlığın artmasına rəvac verən işçilərin
sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, istirahətlərinin səmərəli və
mənalı təşkili əmək hüquqlarının müdafiəsi çərçivəsində həmkarlar
ittifaqlarının fəaliyyətinin prioritet istiqamətidir. Hazırda Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən ittifaq üzvlərinin
müalicəsinin təşkili və məzuniyyət dövründə rahat dincəlmələri üçün daha müasir
və effektiv şəraitin yaradılması, beynəlxalq təcrübənin mütərəqqi cəhətlərinin
tətbiqi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.
AHİK sədri Sahib Məmmədov bu
məqsədlə Konfederasiyaya, həmçinin üzv və tabe təşkilatlara məxsus ölkəmizin
səfalı guşələrində yerləşən sanatoriya-kurort müəssisələri və istirahət
mərkəzlərinə baş çəkir, mövcud vəziyyətlə maraqlanır, müalicə və istirahət şəraiti
ilə tanış olur.
AHİK sədri bu dəfə həmkarlar
ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsində və Qusar rayonunda yerləşən
istirahət mərkəzlərinə baxış keçirib.
Qusar rayonunda AHİK-in üzv
təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
“Şəfa” İstirahət Mərkəzinə gələn Konfederasiya sədri ərazini gəzib, yaşayış
otaqlarına, yeməkxanaya, ərzaq anbarına baş çəkib və şəraitlə yaxından tanış
olub.
Sonra AHİK-in tabe təşkilatı
Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə baxış
keçirilib, mövcud şərait öyrənilib.
Mədəniyyət işçiləri üçün inşası
davam edən istirahət mərkəzində olan AHİK sədri burada görülən işlərlə tanış
olub. Bildirilib ki, 2,8 hektar ərazini əhatə edən istirahət mərkəzində
kotteclər, yaşayış korpusu və inzibati bina tikiləcək. Həmçinin dincələnlərin
istirahətinin mənalı təşkili üçün geniş park salınır, idman zalı və
meydançaların tikilməsi nəzərdə tutulur.
Növbəti baxış AHİK-in üzv
təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinin “Ülfət” İstirahət Mərkəzində həyata keçirilib. Məlumat
verilib ki, 2010-cu ildə inşa olunan istirahət mərkəzində kotteclər və istirahət
korpusları, idman meydançaları, hovuz, park qonaqların istifadəsindədir.
Mərkəzdə eyni vaxtda 98 nəfər, mövsüm ərzində isə 1000 nəfərdən artıq insanın
istirahət etməsi üçün şərait var. Bildirilib ki, mərkəzin ərazisində həmçinin
meyvə bağı salınıb.
Dəmiryolçuların “Lokomotiv”
İstirahət Mərkəzi ilə də tanış olan AHİK sədri ardınca Konfederasiyanın
üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin “Təhsil” İstirahət Mərkəzinə gəlib. Məlumat verilib ki, 2013-cü
ildə istifadəyə verilən “Təhsil” İstirahət Mərkəzi 10 hektardan artıq ərazini
əhatə edir. Buraya üçmərtəbəli 3 yaşayış korpusu, kotteclər, yeməkxana, idman
zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, konfrans zalı
və digər obyektlər daxildir. Mərkəzdə eyni vaxtda 800-ə yaxın şəxs istirahət
edə bilir.
AHİK sədri istirahət mərkəzlərinə
baxış keçirərkən obyektlərdə texniki təhlükəsizlik qaydalarına riayət olunması,
xidmət səviyyəsinin yüksəldilməsi və istirahət edənlərin buradan məmnun
ayrılması üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq və
tövsiyələrini verib.