Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin
həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyevlə görüşüb.
AHİK sədri Sahib
Məmmədov yeni təsis olunmuş komitəyə uğurlar arzulayıb və bildirib ki, komitə
müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad
edilmiş ərazilərimizdə yaradılan ilk həmkarlar ittifaqıdır. Bunu həmkarlar
ittifaqları tarixində əlamətdar hadisə adlandıran Sahib Məmmədov komitənin
səmərəli fəaliyyəti üçün onlara həm üzv olduqları Dövlət İdarələri və İctimai
Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, həm də AHİK tərəfindən
hər cür dəstəyin göstəriləcəyini vurğulayıb.
Konfederasiya sədri qeyd edib ki, Şərqi
Zəngəzuru və Qarabağı xalqımıza qaytaran cənab Prezident İlham Əliyev bu gün
həmin ərazilərdə aparılan tikinti-quruculuq işlərinin də baş memarıdır. Onun
sözlərinə görə, işğaldan azad olunmuş şəhər və kəndlərimiz yaxın gələcəkdə
əvvəlkindən də yaxşı görkəm alacaq və ölkəmizin hərtərəfli, o cümlədən iqtisadi
inkişafına böyük töhfələr verəcək. İttifaq üzvləri üçün layiqli iş şəratinin
yaradılması, əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması və
istirahətlərinin təşkili, həmçinin bərabər imkanların yaradılması, əlçatanlığın
təmin olunması ilə bağlı Həmid Mehdiyevə tövsiyələrini verən AHİK sədri yaxın
vaxtlarda Şərqi Zəngəzur və Qarabağda həmkarlar ittifaqı təşkilatlarının
sayının artacağına əminliyini də ifadə edib.
Xidmətin
həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyev bildirib ki, təmsil etdiyi
təşkilat Xankəndi şəhərində işçilərinin təşəbbüsü ilə təsis olunub, hazırda
ittifaqın 150 üzvü var, gələcəkdə üzvlərin sayının artması gözlənilir. O
həmçinin üzvlərin əksəriyyətinin keçmiş məcburi köçkün və şəhid ailələri
olduğunu və səlahiyyətləri çərçivəsində onlara hər cür dəstəyi göstərəcəklərini
və qanuni mənafelərini layiqincə qoruyacaqlarını qeyd edib.
Sonda AHİK sədri
Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı
komitəsinin Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsinə üzv qəbul olunması barədə Rəyasət heyətinin qərarını
Həmid Mehdiyevə təqdim edib.