logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Karyera Mərkəzlərinin II Strateji İnkişaf Konfransı keçirilib.


image small

Konfransda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov, İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyev və digər qonaqlar iştirak edib.

 Məqsəd ali təhsil müəssisələrində peşəyönümü məsləhət xidmətinin aktiv formada həyata keçirilməsinin dəstəklənməsi, karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsinə və standartların tətbiqinə töhfə vermək, karyera mərkəzləri arasında qarşılıqlı təcrübə mübailəsinə təkan vermək, beynəlxalq təcrübənin yerli standartlara uyğunlaşdırılmış formada tətbiqi, karyera mərkəzlərinin Agentliklə olan əlaqələrinin gücləndirilməsi və qarşılıqlı faydalı fəaliyyətin tənzimlənməsidir.

 Tədbirin açılışında çıxış edən Elmar Qasımov Karyera Mərkəzlərinin fəaliyyətinə böyük fayda verəcək bu tədbirə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib və bu cür tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb. Rektor Karyera Mərkəzlərinin önəminə toxunaraq bildirib ki, bu Mərkəzlər universitetlərin ən strateji istiqamətlərindən biridir və onun keyfiyyətli, məhsuldar fəaliyyəti ali təhsil müəssisələrinin məzunlarının əmək bazarında rol oynaması baxımından əhəmiyyətlidir. Rektor Bakı Ali Neft Məktəbi haqqında da məlumat verərək bildirib ki,ən yüksək bal toplayan abituriyentlər BANM-i seçirlər və burada əmək bazarının tələbatına uyğun ixtisaslarda tədris həyata keçirilir.

 Mustafa Abbasbəyli Agentliyin fəaliyyəti, ölkəmizdə son illər aparılan sosial islahatlar, əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. O, bildirib ki, təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarı üçün lazımi mütəxəssislərin hazırlanmasında səmərəli nəticələr verir və məşğulluğun təmin olunmasında ən dayanıqlı alət təhsildir.

 Peşəyönümü məsləhət xidmətinin gənclərin əmək bazarı ilə bağlı məlumatlılığının artmasında, onların karyera planlamasında önəmli dəstək olduğu vurğulanıb.

 Peşəyönümü məsləhət xidməti sahəsində bir sıra yeni layihələrin - “Peşələr atlası”, “Məzunların məşğulluq reytinqi” platformasının önəmi diqqətə çatdırılıb. Peşəyönümü məsləhət xidməti və karyera planlamasının rolunun artırılması istiqamətində işlərin də davam etdirildiyi bildirilib.

 M.Abbasbəyli Universitetlərdə fəaliyyət göstərən Karyera Mərkəzlərinin əhəmiyyətindən danışaraq Agentliyin bu mərkəzlərlə yaxından əməkdaşlıq etdiyini, uğurlu nəticələrin əldə edildiyini qeyd edib. Təhsil, məşğulluq və əmək bazarı arasında körpünün daha təkmil şəkildə qurulmasının əsas çağırış və hədəflərdən olduğunu diqqətə çatdırıb. Sədr bildirib ki, Universitetlərin Karyera Mərkəzlərinin fəaliyyəti güclənməli, təkmilləşdirilməli və standartların tələblərinə uyğunlaşdırılmalıdır.

 Daha sonra Agentlik tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının və “Karyera Mərkəzlərinin Standartları” ilə bağlı tövsiyə sənədinin təqdimatı olub.

 Qeyd edilib ki, “Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək, məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Platforma ölkədə fəaliyyət göstərən özəl və dövlət universitetlərini, onların məzunlarını və abituriyentləri əhatə edir.

 “Karyera Mərkəzlərinin Standartları” gənclərin peşəyönümünün təşkili məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində yaradılmış Karyera Mərkəzlərinə şamil olunur. Məqsəd Karyera Mərkəzlərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi, infrastrukturun, maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi, Mərkəzlərin nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılmasıdır.

 Daha sonra konfrans “Karyera mərkəzlərinin strateji inkişaf vizyonu” paneli üzrə “əmək bazarına keçiddə Karyera Mərkəzinin rolu”, “Karyera Mərkəzləri: Hədəf qrupları ilə iş”, “Karyera Mərkəzlərinin strateji inkişafında yeni çağırışlar” mövzularında çıxışlar və müzakirələrlə davam edib.

 Sonda Mustafa Abbasbəyliyə Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq diplomu” təqdim edildi və xatirə şəkli çəkdirildi.

01.11.2023  [ 13:49 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.