07.04.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məişət zorakılığı ilə mübarizə” mövzusunda tədbir keçirilmişdir. ”Sosial iş” fakültəsi və “Gender Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı ilə keçirilən bu tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin “Məişət zorakılığından zərər
çəkənlər üçün sosial reabilitasiya” şöbəsinin müdiri Gülnaz Məmmədli iştirak etmişdir.
Tədbiri giriş sözü ilə AƏSMA-nın "Gender Araşdırmalar Mərkəzi"nin müdiri fəl.f.d.Məhsəti Cəfərova açaraq qonaqları və digər tədbir iştirakçılarını salamlamış, məişət zorakılığı ilə mübarizənin mahiyyəti və məzmunu haqqında, həmçinin tədbirin məqsədi ilə bağlı qısa məlumat vermişdir. Daha sonra tədbirdə G.Məmmədli məişət zorakılığı ilə bağlı mübarizəyə dair təlimi həyata keçirmiş və məsələ ilə bağlı təlim prosesində slaydlarla mövzunun aktuallığını və məzmununu əhatəli şəkildə aydınlaşdırmışdır.Təlimin gedişatı prosesində və sonunda tələbələr və müəllimlər tərəfindən Gülnaz Məmmədliyə mövzu ilə bağlı ünvanlanan suallar ətraflı şəkildə izah edilmişdir. Tədbirin sonunda AƏSMA-nın "Gender Araşdırmalar Mərkəzi"nin müdiri fəl.f.d.Məhsəti Cəfərova təlimçi Gülnaz Məmmədliyə əhatəli və ətraflı təlimə görə Akademiyanın rəhbərliyi və tələbə kontingenti adından dərin təşəkkürünü bildirdi. O, həmçinin qeyd etdi ki, gələcəkdə belə tədbirlərin mütəmadi təşkili məişət zorakılığı ilə mübarizə sahəsində maariflənmənin daha da inkişafına səbəb olacaqdır.