“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin
(MİDİB təşkilatının) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı”
çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında
təbliği üzrə təşəbbüslər adlı layihənin yekun tədbiri 26 noyabr 2022-ci il
tarixində Bakıda “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti və
perspektivləri” adlı sərgi-konfrans formatında təşkil olunub. Sözügedən
tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) bir qrup
fəal tələbəsi (Günəş Hüseynova, Fəridə Ağayeva, Nicat İsmayılov, MirSüleyman Bayranlı, İbrahim Nuri, İbad Əsədli,
Aysel Həsənova, Nuranə Nurullayeva, Fərəh Sanıyeva, Arzu İsmayilova, Fatimə
Məmmədova, Həcər Ağayeva, Xanlar Məmmədov, Yusif Məmmədzadə, Fidan Rzayeva,
Aynurə Allahverdiyeva, Səma Quliyeva, Nigar Zehelova) və Beynəlxalq əlaqələr
şöbəsinin müdiri dosent Mahir Calalov iştirak edib.
Tədbir iki hissədə “AzərSu” ASC-nin
"Sukanal" Elmi-Tədqiqat və Layihə İnstitutunun konfrans zalında
keçirilib. Tədbirin birinci hissəsində oktyabr-noyabr aylarında layihə
çərçivəsində “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlimi keçmiş
120 nəfər gəncin öz layihələrinin və məhsullarının sərgisi ilə başlamış, sonra
isə müxtəlif mövzularda və məruzəçilərin çıxışları ilə davam etmişdir.
Tədbiri giriş sözü ilə MİDİB təşkilatının icraçı
direktoru və layihə rəhbəri Arif Nəcimov açaraq layihə haqqında ətraflı məlumatı
və əldə olunmuş nəticələri öz çıxış təqdimatında təqdim edib. O, qeyd edib ki,
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi,
"Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın
və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun
təmin olunmasına dəstək olmaq olmuşdur. Layihə 1 sentyabr 2022-ci il tarixindən
başlayıb və üç ay ərzində iş planına uyğun olaraq davam etmişdir. Layihə
çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4
qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və
müəssisələrin təşkili” adlı praktiki təlim təşkil olunmuşdur. Təlim zamanı
peşəkar təlimçilər və qonaq məruzəçilər tələbələrə “Sosial və ekoloji
problemlər”, “İcma quruculuğu və problemlərin birgə həlli yolları”,
“Sahibkarlıq fəaliyyəti”, “Sosial sahibkarlıq”, “BMT-nin 17 Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) və onların Sosial sahibkarlıqla (bizneslə) əlaqəsi”, “Biznes
və marketinq planlama və onların əhəmiyyəti”, “Sosial-iqtisadi-ekoloji
problemlərin qruplar (icmalar) çərçivəsində həll yolları” və “Dövlətin maliyyə
və dəstək mexanizmləri” haqqında ətraflı məlumat veriblər.
Təlimlərin
sonunda hər bir tələbə fərdi və ya qrup şəklində ev tapşırığı olaraq öz sosial
biznes layihələrinin üzərində çalışıb və layihənin yekun tədbiri olan “Azərbaycanda sosial sahibkarlığın cari
vəziyyəti və perspektivləri” adlı sərgi-konfransda təqdim ediblər.
Sonra
MİDİB təşkilatının idarə heyətinin sədri və Bakı Mühəndislik Universitetinin
“Memarlıq və Şəhərsalma” kafedrasının müdiri, əməkdar memar, professor Sabir
Orucovun “Dövlət, Universitet və QHT əməkdaşlığı çərçivəsində fəaliyyətinin
əhəmiyyəti” haqqında çıxış edib. O, qeyd
edib ki, MİDİB təşkilatının icra etdiyi layihə ölkəmizdə yeni “Dövlət,
Universitet və QHT əməkdaşlığı” adlı
bir platformanın əsasını qoymaqla, Azərbaycan Respublikasının “2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının
"1.1.22. Fəaliyyət istiqaməti: Sahibkarların rəqabət qabiliyyətinin
yüksəldilməsi" üzrə “Yaşıl artım” və sosial sahibkarlığın inkişaf
etdirilməsi üçün mexanizmlərin tətbiqinin təşviq etməyə də dəstək olmuşdur.
S.Orucov çıxışının sonunda bütün təlim iştirakçılarını təbrik etmiş və onlara
gələcək karyeralarında uğurlar arzulamışdır.
Tədbir müxtəlif çıxışlarla davam etmiş və sonda
təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.