logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Akademiyasının tələbələri Sumqayıtda “Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı təlimdə fəal iştirak ediblər


image small

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin (MİDİB) icra etdiyi "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin gənclər arasında təbliği üzrə təşəbbüslər adlı layihənin növbəti 3-cü təlimi 22 oktyabr 2022-ci il tarixində Sumqayıt şəhərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt nümayəndəliyinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzinin təlim mərkəzində təşkil olunub.

Təlimdə həmçinin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Maliyyə-iqtisad fakültəsinin fəal tələbələri: Fərəh Sanıyeva, Ləman Əliheyderli, Aynurə Allahverdiyeva, Səma Quliyeva, Nigar Zehelova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Mahir Calalov iştirak edib.

Təlimi giriş sözü ilə MİDİB təşkilatının icraçı direktoru və layihə rəhbəri Arif Nəcimov açaraq layihə haqqında ətraflı məlumat verib. O, əlavə edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi, "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində Sosial sahibkarlığın və müəssisələrin təşkilinin 120 nəfər gəncin arasında təbliği və məşğulluğun təmin olunmasına dəstək olmaqdır.

Nəcimov A. bildirib ki, layihə 1 sentyabr 2022-ci il tarixindən başlayıb və üç ay ərzində iş planına uyğun olaraq davam edəcək. Layihə çərçivəsində 3 şəhərdə (Bakı ş., Xırdalan ş. və Sumqayıt ş.) 30 nəfərlik 4 qrupdan ibarət 120 nəfər gənc üçün bir günlük "Sosial sahibkarlığın və müəssisələrin təşkili” adlı praktiki təlim (iki dəfə çay-kofe və nahar fasiləsi daxil olmaqla) və 19 noyabr 2022-ci il tarixində layihənin yekununa həsr olunmuş sərgi-konfrans təşkil olunacaqdır.

Layihə çərçivəsində təşkil olunacaq sərgi-konfransda təlim iştirakçıları qazandıqları bilik və təcrübələr əsasında öz layihə və ya uğurlu fəaliyyətlərinin nəticələrini tədbir iştirakçılarına və qonaqlara təqdim etmək şansları olacaqdır. Ən uğurlu layihə(lər)nin maliyyələşdirilməsi üçün dövlətin uyğun investisiya və ya qrant proqramlarına tövsiyyə edilməsi və maliyyələşməsi üçün MİDİB təşkilatının layihə işçi qrupu da dəstək olacaqdır.

Sonra söz Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt şəhər nümayəndəliyinin rəhbəri Sevinc Qasımovaya verilib. O, GİKM-nin hal-hazırda 55 şəhər və rayonda fəaliyyəti, icra etdikləri proqramlardan və layihələrdən, həmçinin gənclər üçün təklif olunan imkanlar haqqında ətraflı məlumatı təqdimatla çatdırıb.

Təlim, sosial sahibkarlıq sahəsində təlimçi Elbəy Əliyevin və Rəfiqə Nurullayevanın, həmçinin “Birgə İnvest” MMC-nin layihələr üzrə baş meneceri Vidadi Baxışovun təqdimatları ilə davam edib. Onlar tələbələrə “Sosial və ekoloji problemlər”, “İcma quruculuğu və problemlərin birgə həlli yolları”, “Sahibkarlıq fəaliyyəti”, “Sosial sahibkarlıq”, “BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və onların Sosial sahibkarlıqla (bizneslə) əlaqəsi”, “Biznes və marketinq planlama və onların əhəmiyyəti”, “Sosial-iqtisadi-ekoloji problemlərin qruplar (icmalar) çərçivəsində həll yolları” və “Dövlətin maliyyə və dəstək mexanizmləri” haqqında, həmçinin təmsil etdikləri qurumların fəaliyyəti, xidmətləri və əməkdaşlıq imkanları haqqında ətraflı məlumat veriblər.

Layihənin davamlılığını təmin etmək üçün MİDİB təşkilatının layihə işçi və ekspert qrupu tərəfindən təlim iştirakçılarına 6 aylıq “Biznes mentorluq” proqramı da təklif olunacaqdır. Bu proqram çərçivəsində təlim iştirakçıları "Dövlət, Universitet və QHT əməkdaşlığı” çərçivəsində öz sosial sahibkarlıq (biznes) fəaliyyətini daha peşəkarcasına təşkil etmək şansı qazanacaqlar.

Onu da qeyd edək ki, eyni məzmunlu 4-cü və sonuncu təlim 29.10.2022-ci il tarixində Bakı şəhərlərində təşkil olunacaqdır. Növbəti təlimdə MİDİB təşkilatının layihə işçi qrupu tərəfindən hazırlanmış xüsusi link vasitəsilə qeydiyyatdan keçmiş və seçilmiş tələbə və gənclər iştirak edə biləcəklər.

Təlimdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, Bakı Mühəndislik Universtetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Sumqayıt Dövlət Universitetinin tələbələri, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt şəhər nümayəndəliyinin könüllü gəncləri fəal iştirak etmişdirlər.

26.10.2022  [ 17:05 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.