17.10.2015-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan həmkarlar ittifaqı hərəkatının 110 illiyinə həsr olunmuş “Azərbaycan həmkarlar ittifaqı: tarixi, təşəkkülü və inkişafı, müasir reallıqlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Giriş sözü ilə konfransı açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov Azərbaycan həmkarlar ittifaqlarının keçdiyi şərəfli yoldan danışmış, müasir dövrdə həmkarlar ittifaqlarının öz funksiyalarını həyata keçirmək üçün zəruri demokratik şəraitin yaradıldığını, beynəlxalq əlaqələrinin genişləndiyini bildirmişdir.
Sonra söz alan professor Vəkil Həsənov, öz məruzəsində Azərbaycan həmkarlar ittifaqlarının yaranması, təşkilatlanması, ilk kollektiv müqavilələrin bağlanması, hazırda həmkarlar ittifaqlarının qarşısında duran əsas vəzifələrdən danışmış, son illər bağlanmış kollektiv sazişlərin uğurlu nəticələrindən bəhs etmiş, həmkarlar ittifaqlarının daha səylə və əzmlə fəaliyyətinin vacibliyini vurğulamışdır.
Dosent Zeynəddin Şabanov çıxışında qeyd etmişdir ki, Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması yolunda “Həmkarlar ittifaqları haqqında” Qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilmiş bir sıra mühüm əlavə və dəyişikliklər, müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzunu artırmış, yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaratmış, minlərlə əməkçinin iş yerini itirməsinin qarşısını almışdır. Bu dəyişikliklər, həmçinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, onların işəgötürənlərdən asılılığının azaldılmasına, cəmiyyətdə sosial tərəfdaşlığın prinsiplərinə əməl olunmasına əsas vermişdir.
Akademiyanın Tələbə Həmkarlar Təşkilatının sədri Mahmud Mahmudov təşkilatın fəaliyyətindən, gördüyü və planlaşdırdığı işlərdən danışmışdır. O qeyd etmişdir ki, həmkarlar ittifaqlarının əsas vəzifələrindən biri də gənclərin fiziki və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir. Bu istiqamətdə əsas məsələlərdən biri də gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, özünəməxsus adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması üçün kompleks tədbirlərin həyata keçirilməsidir.
Tədbirin sonunda yubiley ilə əlaqədar olaraq Akademiyanın həmkarlar ittifaqı komitəsinin işində fəal iştirakına görə qabaqcıl əməkdaşlara və tələbələrə Fəxri fərmanlar verilmişdir.