05.02.2016-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycan iqtisadiyyatının potensial müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi və onların inkişafının stimullaşdırılması” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda Akademiyanın rektoru, prorektorlar, dekanlar,kafedra müdirləri, şöbə və bölmə rəhbərləri, struktur vahidlərinin digər əməkdaşları və tələbələr iştirak etmişdir. Seminarın moderatoru “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Şövqi Quliyev olmuşdur. Tədbiri Akademiyanın rektoru, professor H.T.Qaraşov açıq elan edərək, dünyada gedən qloballaşma prosesindən, ölkə iqtisadiyyatının inkişaf perspektivlərindən, təbii sərvətlərdən asılılığın aradan qaldırılması və ölkəmizdə dünya bazarı standartlarına uyğun rəqabətqabiliyyətli məhsullar istehsal edə bilən kadr potensialının hazırlanması işinin vacibliyindən danışdı.
Daha sonra söz moderator Şövqi Quliyevə verildi. O, qeyd etdi ki, “Məlum olduğu kimi 2015-ci ilin ikinci yarsından başlayaraq dünya bazarında neftin qiyməti azalmağa başlamışdır. Təbii olaraq bu proses Azərbaycan iqtisadiyyatına da ciddi təsir etmişdir. Belə hal özünü ilk növbədə ölkənin qızıl-valyuta ehtiyyatlarının azalmasında və milli valyutanın xarici valyutalara nəzərən devalvasiyasında göstərməyə başladı. Bildiyiniz kimi, ölkə prezidenti 2016-ci ilin islahatlar ili olacağını təbii ehtiyatlardan asılılığın minumuma endiriləcəyini dəfələrlə qeyd etmişdir. Bu baxımdan müasir dövrdə Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün ölkənin cari və potensial müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi və onların rəqabətqabiliyyətli inkişafa keçirilməsi xüsusi aktuallığı ilə çıxış edir. Azərbaycan iqtisadiyyatının potensial müqayisəli üstünlük sahələrinin müəyyənləşdirilməsi, ilk növbədə dayanıqlı iqtisadi inkişafın əldə olunmasına, layiqli məşğulluğun təmin edilməsinə və rəqabətqabiliyyətli məhsul istehsalına əhəmiyyətli dərəcədə təsir edir. Beynəlxalq təcrübə göstərir ki, ərazi baxımdan kiçik olan ölkələr xarici iqtisadi əlaqələrdən aslılığı çox yüksək olur. Ölkəmiz ərazi baxımından kiçik olduğu üçün xarici iqtisadi əlaqələrdən aslılığı təbii ki, yüksəkdir. Belə ki, 2006-2015-ci illərdə ölkənin xarici ticarət dövriyyəsinin ÜDM-də payı 52%-dən az olmamışdır. Həmçinin ixracın 8-10% Müstəqil Dövlətlər Birliyinin (MDB), 90%-i isə digər dövlətlərin payına düşür. Ölkələr üzrə idxalda isə MDB-nin payı 22-30% olduğu halda, digər ölkələrin payı isə 70% təşkil edir. İxrac olunan məhsulların 92%-dən çoxu neft və neft məhsullarına aid olduğu halda, idxalın əmtəə strukturunda hələ də ərzaq məhsullarının xüsusi çəkisi 25-30%-ə qədərdir. Aparılan təhlillər göstərir ki, qeyri-neft ixracının əhalinin sayına nisbəti təqribən 200 ABŞ dolları həddindədir ki, bu da olduqca aşağı göstəricidir. Bu da ölkə iqtisadiyyatının səmərəli şəkildə diversifikasiya olunmaması mənasına gəlir. 2015-ci il üzrə ölkə iqtisadiyyatında diversifikasiya əmsalı 5,4-6 arasında dəyişir ki, bu da iqtisadi inkişafın dayanıqlığı üçün müsbət qiymətləndirilə bilməz. Qeyd etməliyəm ki, malik olduğumuz müqayisəli üstünlük məhsulları hazırda daha çox kənd təsərrüfatı və neft məhsullarıdır və ölkəmizin beynəlxalq bazarlarda üstünlük təşkil etdiyi məhsullar xammal və yarımfabrikatlardır. Digər tərəfdən isə bu məhsulları hazır məhsul şəkilində istehsal etmək üçün potensial imkanlar mövcuddur. Yəni Azərbaycanda müqayisəli üstünlük məhsullarını rəqabət üstünlüyünə çevirmək əsas hədəf olmalı və bunun üçün klasterlərdən istifadə ən ideal variant kimi götürülməlidir.
Tədbirin sonda məruzə ətrafında çıxışlar olmuş, geniş fikir mübadiləsi aparılmışdır.