3-5.11.2017-ci il tarixlərində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində “İslam Həmrəyliyi İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Binəqədi Gənclərinin III Liderlik Məclisi” adlı layihə həyata keçirilmişdir.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin hərtərəfli inkişafı üçün şəraitin formalaşdırılması, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara liderlik bacarıqlarının aşılanması və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi olmuşdur. Layihədə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının fəal tələbələri də iştirak edib.