Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 aprel 2019-cu il tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransın keçirilməsində əsas məqsəd davamlı inkişaf məqsədlərinə uyğun olaraq cəmiyyətin yeniləşməsində və inkişafında elmin, iqtisadiyyatın, sosial institutların, həmkarlar ittifaqlarının rolunun artırılması istiqamətində təkliflər irəli sürmək, kreativ yanaşmaları dəstəkləmək, yeni çağırışları müzakirə etmək, əldə olunan bilikləri geniş təbliğ etməkdən ibarətdir. Konfransı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov giriş sözü ilə açaraq Dayanıqlı İnkişaf Məqsədlərindən, ölkəmizdə bu məqsədlərə nail olmaq üçün həyata keçirilən tədbirlərdən, bu istiqamətdə verilən prezident sərəncamlarının əhəmiyyətindən danışdı. Videoçarxın nümayişindən sonra plenar iclasda AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov davamlı inkişaf konsepsiyasının meydana gəlməsi və nəzəri-fəlsəfi mahiyyəti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev davamlı inkişaf və ətraf mühitin mühafizəsi, AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsini müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev davamli iqtisadiyyatda klasterlərin rolu, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, BMT-nin Qlobal saziş proqramının Azərbaycan üzrə nümayəndəsi, fəlsəfə doktoru Xəyalə Məmmədovanın Birləşmiş Millətlər Təşkilatının qlobal sazişi, dayanıqlı inkişaf məqsədlərinə doğru və layiqli əməyin təbliği mövzusunda maraqlı məruzələri dinlənildi. Konfrans öz işini “Dayanıqlı inkişafın iqtisadi və hüquqi aspektləri”, “DavamlI inkişafda insan amili, sosiomədəni və ekoloji aspektlər”, “Davamlı inkişaf problemlərinin həllində həmkarlar ittifaqlarının və sosial institutların rolu” adlı panel müzakirələrdə davam etdirdi. Müzakirələrdə 5 xarici dövlətin, Azərbaycanın 29 elm və təhsil müəssisəsinin 86 nümayəndəsi məzmunlu çıxışlar etdi, maraqlı təkliflər irəli sürdülər. Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olundu.