Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası əməkdaşlarına keyfiyyət təminatına dair təlimin həyata keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akademik və inzibati heyətinə “Daxili Səmərəli Monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması” və “Strateji idarəetmə” mövzularına dair geniş məlumat verməkdir.
Qeyd edək ki, Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.