29.03.2022-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı”nın 104-cü ilinə həsr olunmuş anım tədbiri keçirilib.Tədbirdə Dövlət Himni səsləndirilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirini giriş sözü ilə Akademiyanın rektoru, professor Hüseyn Qaraşov açıb. Rektor bildirib ki, xalqımızın tarixində qəhrəmanlıq səhifələri ilə yanaşı, acı və kədərli məqamlar da vardır. 1918-ci ilin mart - aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindəndir.
Hüseyn Qaraşov qeyd edib ki, 1918-ci ilin soyqırımı faktları ilə bağlı həqiqətlər uzun illər saxtalaşdırılıb və dünya ictimaiyyətindən gizlədilib. Müstəqilliyin bərpasının ardından ümummilli lider Heydər Əliyevin mart soyqırımının 80-ci ildönümü ərəfəsində imzaladığı fərmandan sonra dövrün obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib, uzun illər təhrif olunmuş faktlar və həqiqətlər ortaya çıxarılıb, özünün əsl qiymətini alıb.
Daha sonra prorektor, professor Fərhad Möhbalıyev 31 Mart tarixinin Azərbaycan tarixinin ən qanlı səhifəsi adlandıraraq, ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə və hərbi cinayət törədiklərini qeyd etdi. Bu tip cinayətlərdən olan soyqırımı qətliamının ermənilər tərəfindən azərbaycanlılara qarşı hələ də davam etdiyini bildirdi. Dünyada baş vermiş soyqırımlara qarşı beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiq olunduğunu xüsusi vurğulayaraq bunun yolverilməz olduğunu söylədi.
Çıxışlarda tar.f.d. Vahid İsmayılov və İman Abduyev 1918-ci ilin mart hadisələrinin tarixi kökləri, xarakteri və miqyası haqqında məlumat verib, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolu vurğulanıb. Qeyd olunub ki, anım tədbirləri tariximizdə baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü olaraq dəyərləndirilməlidir.
Tədbir videoçarxın nümayişi ilə yekunlaşıb.