AƏSMA-da “Bərabər imkanlar, parlaq gələcək” tədbiri keçirilib



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 25 Noyabr - Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə “Bərabər imkanlar, parlaq gələcək” maarifləndirici tədbiri keçirilib.


Gender bərabərliyi prinsiplərinin təşviqi, qadınlara qarşı zorakılığın psixoloji nəticələri, qadınların təhsil hüququnun müdafiəsinin əhəmiyyəti barədə məlumatlılığın artırılması məqsədilə təşkil olunan tədbirdə həmkarlar ittifaqlarının gənc üzvləri və AƏSMA-nın tələbələri iştirak ediblər.

AƏSMA-nın rektor vəzifəsini icra edən Fərid Babayev çıxışında gənclərin maarifləndirilməsində ali təhsilin rolundan bəhs edib, gender bərabərliyi və sosial məsuliyyətin təhsil mühitində təşviqinin önəmini vurğulayıb.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər, sosial layihələr və gender məsələləri ilə iş şöbəsinin müdir müavini Gülnarə Hüseynova və “Qadın və Uşaqların Təhsilinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Fədai iştirakçılara gender bərabərliyinin mahiyyəti və əsas prinsipləri, qadınlara qarşı zorakılığın formaları və fəsadları, qızların təhsil hüququnun qorunması, cəmiyyətdə bərabər imkanların təmin edilməsi barədə ətraflı məlumat veriblər.

Sonra tədbirdə interaktiv müzakirə və sual-cavab sessiyası keçirilib, iştirakçılar mövzu ətrafında fikirlərini bölüşüb, onları maraqlandıran suallar cavablandırılıb.