6 noyabr 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Zəfər Gününə həsr olunmuş “Zəfər Tarixi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin açılışında Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən, tibb üzrə fəlsəfə doktoru Fərid Babayev çıxış edərək Zəfər Gününün xalqımızın tarixindəki əhəmiyyətindən, Vətən müharibəsində nümayiş etdirilən milli birlik və qəhrəmanlıq nümunələrindən bəhs edib.
Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Musa Mirzəyev çıxış edərək tarixi Qələbənin Azərbaycan xalqının birliyinin, iradəsinin və Vətən sevgisinin təcəssümü olduğunu vurğulayıb. O, şəhidlərin xatirəsinin yaşadılmasının, milli-mənəvi dəyərlərin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini qeyd edib.
Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfər tarixini, xalqımızın qəhrəmanlığını və əzmini əks etdirən “Zəfər Tarixi” adlı bədii kompozisiya təqdim olunub.
Tədbir tarixi Qələbəmizin təbliği, milli qürur hissinin gücləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi baxımından əhəmiyyət daşıyıb.









