Oktyabrın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində Azərbaycan Əmək və Sosial Münasibətlər akademiyasının müəllim və tələbə heyəti iştirak etmişdir. Tədbirə ölkəmizin Xalq yazıçı və şairləri, gənc qələm sahibləri ilə yanaşı, Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Polşa və Səudiyyə Ərəbistanı və digər ölkələrdən tanınmış müəlliflər və alimlər qatılıblar. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzularda kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları təşkil olunacaq. Həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi üçün xüsusi platformalar yaradılıb. Bakı Beynəlxalq Kitab Sərgisi mütaliə mədəniyyətinin təşviqi, yerli və xarici ədəbi mühit arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də kitab sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayır.


