Daşkənddə həmkarlar ittifaqı təhsili üzrə təlim keçirilib


Özbəkistanın paytaxtı Daşkənddə “Dəyişən əmək dünyasında həmkarlar ittifaqı təhsili: qabaqcadan gör, innovasiya tətbiq et, fəaliyyət göstər” mövzusunda təlim keçirilib.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Təlim Mərkəzi, İşçilərin Fəaliyyəti Bürosu (ACTRAV) və Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Gürcüstan, Moldova, Ukrayna və digər ölkələrin həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təlim həmkarlar ittifaqı təhsilinin dəyişən əmək dünyasının tələblərinə uyğunlaşdırılması, müasir tədris yanaşmalarının inkişaf etdirilməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə əmək bazarında baş verən dəyişikliklərin həmkarlar ittifaqı təhsilinə təsiri, yeni təlim prioritetləri, BƏT-in beynəlxalq əmək standartlarının tədrisə inteqrasiyası, eləcə də rəqəmsal texnologiyalardan istifadə imkanları müzakirə edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının Təlim Mərkəzinin rəhbəri Səadət Əliyeva “Süni intellektin həmkarlar ittifaqı təhsilinin transformasiyasında rolu”mövzusunda təqdimatla çıxış edib. Təqdimatda süni intellektin təlim prosesinə inteqrasiyası, əməkdaşların bilik və bacarıqlarının inkişafı üzrə fərdi ehtiyaclarının müəyyənləşdirilməsi, həmçinin peşə vəzifələrinə uyğun fərdiləşdirilmiş öyrənmə imkanlarının yaradılması məsələlərindən bəhs olunub.

Təlim çərçivəsində iştirakçılar tematik qrup işlərində və praktik sessiyalarda təcrübələrini bölüşüblər.