Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Asiya İnkişaf Bankının (AİB) “Keyfiyyətli iş yerləri və əmək sferasının gələcəyi” regional texniki yardım layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri və AİB-nin layihə üzrə ekspertləri iştirak ediblər.
İştirakçılar əməyin mühafizəsi və təhlükəsizliyini tənzimləyən hüquqi, institusional və siyasi çərçivənin, eləcə də əməyin mühafizəsi və təhlükəsizliyi sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi, bu sahədə üstünlüklərin və inkişaf imkanlarının müəyyənləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə həmçinin Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının Beynəlxalq Standart Peşə Təsnifatına (ISCO-08) uyğunlaşdırılması istiqamətində görüləcək işlər müzakirə olunub, layihənin məqsədlərinə uyğun olaraq, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində mövcud mexanizmlərin müasir çağırışlara uyğunlaşdırılması, həmçinin əmək bazarında keyfiyyətli və layiqli iş yerlərinin təşviqi ilə bağlı təkliflər səsləndirilib.

