AHİK tərəfindən “Yay macərası” uşaq düşərgəsinə start verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində həmkarlar ittifaqları üzvlərinin övladları üçün “Yay macərası” uşaq düşərgəsinə start verilib.

Düşərgənin təşkilində məqsəd məktəblilərin yay tətilində istirahətinin səmərəli təşkili, onların fiziki, intellektual, yaradıcı və sosial inkişafının dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi, komanda işi və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, vətənpərvərlik, həmrəylik kimi dəyərlərin aşılanmasıdır.

Düşərgənin açılışı ilə bağlı keçirilən tədbirdə çıxış edən Konfederasiya sədrinin müavini Qəzənfər Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğını vurğulayıb, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan uşaqların təhsil və sağlamlıq imkanlarının yüksəldilməsinə yönəlmiş layihələri diqqətə çatdırıb. Konfederasiya sədrinin müavini həmçinin AHİK-in uşaqların inkişafına dəstək üçün həyata keçirdiyi sosial layihələr barədə məlumat verib.

Layihə rəhbəri Aliyə Qafulova çıxışında “Yay macərası” düşərgəsinin uşaqların sağlam, mənalı istirahətinə, bilik və bacarıqlarının artırılmasına, yeni dostlar qazanmasına töhfə verəcəyini bildirib.

Qeyd edək ki, düşərgə müddətində uşaqların fiziki və intellektual inkişafını hədəfləyən zəngin proqram həyata keçiriləcək. Proqram çərçivəsində idman yarışları, intellektual oyunlar, maarifləndirici görüşlər, əyləncəli komanda oyunları və digər maraqlı tədbirlər təşkil olunacaq.