25 iyun 2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tələbə və gənclərin peşəkar inkişafına dəstək məqsədilə “Zirvədən Baxış – Karyera Planlaması 2026” adlı tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi gənclərin əmək bazarının müasir tələbləri barədə məlumatlandırılması, onların karyera planlaması bacarıqlarının inkişaf etdirilməsi, öz potensiallarını düzgün qiymətləndirmələrinə dəstək göstərilməsi və peşəkar inkişaf istiqamətində uğurlu yol xəritəsinin formalaşdırılmasına töhfə vermək olub. Eyni zamanda, iştirakçıların insan resurslarının idarə olunması, süni intellekt dövründə tələb olunan bacarıqlar, CV hazırlanması, müsahibə mərhələsinə hazırlıq və akademik karyera imkanları barədə bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək göstərilməsi nəzərdə tutulub.
“Təhsil, bacarıq və reallıq”, “Müsahibədə necə seçilmək olar?”, “Uğurlu CV hazırlamağın metodları”, “Ali təhsildə karyera planlaması – karyera yol xəritəsinin formalaşdırılması”, “AI dövründə karyera” “Uğurlu akademik karyera necə qurulur” mövzularında təqdimatlar keçirilib.
Spikerlər çıxışlarında müasir əmək bazarının tələbləri, işə qəbul prosesində uğur qazanmağın yolları, rəqabətədavamlı CV hazırlanması, karyera planlaması, süni intellekt dövründə tələb olunan bacarıqların formalaşdırılması və akademik inkişaf perspektivləri barədə iştirakçılarla dəyərli məlumat və praktiki tövsiyələr bölüşüblər.
Tədbirin sonunda keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə onları maraqlandıran mövzularla bağlı suallar ünvanlayıb, karyera planlaması, işə qəbul prosesi və peşəkar inkişaf istiqamətində fikir mübadiləsi aparıblar.










