“Narkotiklər – görünməyən təhlükə” mövzusunda maarifləndirici tədbir keçirilib

14 aprel 2026-cı il tarixində Əmək və Sosial Münasibətlər Akademiyasında “Narkotiklər – görünməyən təhlükə” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi müasir cəmiyyətin ən ağır və təhlükəli problemlərindən biri olan narkomaniyanın mahiyyətini gənclərə çatdırmaq, bu bəlanın yalnız pis vərdiş deyil, insan sağlamlığını, həyatını, psixologiyasını, ailəsini və gələcəyini ciddi şəkildə məhv edən sosial faciə olduğunu göstərmək olub.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sağlamlığın Mühafizəsi şöbəsinin müdir müavini çıxış etmişdir.

Tədbir çərçivəsində beynəlxalq təcrübəyə istinad edilərək bir çox ölkələrdə narkotiksiz gələcək naminə qəbul edilən milli proqramların vətəndaş məsuliyyətinin göstəricisi olduğu vurğulanıb. Eyni zamanda, maarifləndirmə kampaniyalarının əhəmiyyəti, bu kimi tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması və rəqəmsal platformalarda geniş yayılmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə bildirilib ki, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə uzunmüddətli və çoxşaxəli prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkotik asılılıq çox vaxt gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və artım dinamikası davamlı xarakter daşıyır.

Xüsusilə qeyd olunub ki, ulu öndər Heydər Əliyevin diqqəti sayəsində Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi bu problemin də həlli öndə saxlanıldı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Ulu öndərin təşəbbüsü ilə 26 avqust 1996-cı il tarixində imzalanmış fərman narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olmuşdur. Daha sonra bu sahədə qanunvericilik bazası təkmilləşdirilərək 28 iyun 2005-ci il tarixində qəbul olunmuş müvafiq qanunla möhkəmləndirilmişdir.

Tədbirdə vurğulanıb ki, narkomaniya ilə mübarizə dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların fəal iştirakı ilə daha effektiv nəticələr verir və insan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında da qeyd olunduğu kimi, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və əhalinin sağlamlığının qorunması prioritet istiqamətlərdəndir.

Gənclər arasında sağlam həyat tərzinin təşviqi, idmana və mədəni fəaliyyətlərə marağın artırılması bu sahədə mühüm preventiv vasitə kimi qiymətləndirilib. Tədbirdə profilaktika, müalicə, reabilitasiya və hüquq-mühafizə tədbirlərinin əhəmiyyəti, eləcə də hüquq-mühafizə orqanlarının rolu xüsusi qeyd olunub.

İştirakçılara praktiki tövsiyələr təqdim edilərək bildirilib ki, narkotik istifadəsinə başlama səbəbləri çox vaxt sosial mühit və yanlış təsəvvürlərlə bağlı olur. Statistik məlumatlar əsasında izah olunub ki, “bir dəfə” düşüncəsi əksər hallarda ciddi asılılığa gətirib çıxarır.

Sonda aşağıdakı fikir xüsusi vurğulanıb: kiçik görünən qərarlar əslində böyük nəticələr yarada bilər. Çünki bugün təkcə narkotiklər haqqında danışmadıq, biz seçimlərdən danışdıq. Hər şey çox sadə bir nöqtədən başlayır. Bir təklif, bir maraq, bir dəfə heç olmaz düşüncəsi, amma həyat göstərir ki, ən böyük səhvlər də məhz elə bir dəfə ilə başlayır.