Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası gender bərabərliyi üzrə təlim keçirib

Bakıda İslam Əməkdaşlıq Təşkilatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin birgə təşkilatçılığı ilə “İş yerində gender bərabərliyinin idarə olunması” mövzusunda təlim təşkil olunub.

Gender məsələləri üzrə ekspert Pərvanə Məmmədova tərəfindən keçirilən təlimdə dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Tədbir idarəetmə səviyyəsində çalışan mütəxəssisləri gender sahəsində yeni çağırışlarla bağlı məlumatlandırmaq, gender məsələlərinə diqqəti artırmaq və praktiki iş mühitində təhlil bacarıqlarını gücləndirmək məqsədini daşıyıb. Təlim çərçivəsində keçirilən sessiyalarda gender bərabərliyi, inklüzivlik və ayrı-seçkiliklə bağlı əsas anlayışlar üzrə təqdimatlar edilib, interaktiv məşğələlər təşkil olunub.

Tədbir zamanı iş yerlərində gender bərabərsizliyinin səbəbləri, iş-həyat balansı, rəqəmsallaşma və hibrid iş modelləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar qruplar şəklində real iş yeri situasiyalarını əhatə edən keys simulyasiyaları üzərində işləyərək risklərə uyğun idarəetmə həlləri hazırlayıblar.

Qrup təqdimatları ekspertlər tərəfindən qiymətləndirilib.

Tədbirin sonunda genderə həssas kommunikasiya, inklüziv liderlik, təhlükəsiz iş mühiti və qabaqlayıcı tədbirlər üzrə nəticələr iştirakçılarla bölüşülüb.