Mayın 14-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) birgə təşkilatçılığı ilə seminar təşkil edilib.
“BƏT-in standartların müəyyənləşdirilməsi və həmkarlar ittifaqlarının nəzarət mexanizmindən effektiv istifadə” mövzusuna həsr olunmuş tədbirin məqsədi beynəlxalq əmək standartlarının tətbiqi və bu sahədə həmkarlar ittifaqlarının rolunun gücləndirilməsi istiqamətində bilik və bacarıqların artırılmasıdır.
Tədbirin açılış mərasimində çıxış edən AHİK-in Aparat rəhbəri Ayaz Əliyev BƏT-lə əməkdaşlıqdan və həyata keçirilən birgə layihələrdən söz açıb, seminarın həmkarlar ittifaqı üzvləri üçün əhəmiyyətini vurğulayıb.
Seminarın moderatoru BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin İşçilərin Fəaliyyəti Bürosunun baş mütəxəssisi Qoça Aleksandria iştirakçılara BƏT-in missiyası, mandatı və idarəetmə sistemi barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası BƏT-in çoxsaylı konvensiyalarına qoşularaq orada təsbit olunmuş prinsip və normaları qəbul edib. Tədbirdə ratifikasiya olunmuş konvensiyalara əməl olunmasına nəzarət mexanizmləri, o cümlədən BƏT-in CEACR (Konvensiya və Tövsiyələrin Tətbiqi üzrə Ekspertlər Komitəsi) və CAS (Standartların Tətbiqi üzrə Komitəsi) kimi qurumlarının tətbiq etdiyi müvafiq prosedurlardan bəhs olunub.
Seminarda həmkarlar ittifaqlarının nəzarət mexanizmlərində iştirakı və beynəlxalq həmkarlar ittifaqı şəbəkələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, BƏT-in NORMLEX məlumat bazasından istifadə qaydaları üzrə praktiki təqdimat keçirilib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.





