08 may 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Şəhərsalma Vizyonu: Süni intellekt, rəqəmsallaşma və iqlim fəaliyyəti ilə uyğunlaşdırılması” mövzusunda Magistrantların Respublika Elmi-Tədqiqat Konfransı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarx təqdim olunub.
Konfransın açılış mərasimində AHİK nümayəndələri çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb, müasir dövrdə şəhərsalma prosesində süni intellektin, rəqəmsallaşmanın və iqlim amillərinin rolundan bəhs ediblər.
Daha sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən, tibb elmləri üzrə fəlsəfə doktoru Fərid Babayev çıxış edərək belə elmi tədbirlərin gənc tədqiqatçıların formalaşmasında mühüm rol oynadığını qeyd edib. Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məmmədtağı Rzayev, beynəlxalq əlaqələr üzrə prorektor, fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova və magistratura şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov çıxışlarında konfransın elmi əhəmiyyətindən, innovativ yanaşmaların tətbiqindən və akademik mühitdə belə təşəbbüslərin vacibliyindən danışıblar.
Tədbir çərçivəsində magistrant Könül Abdullayeva və tələbə Cəmilə Məmmədlinin çıxışları və ifası iştirakçılar tərəfindən maraqla qarşılanıb.
konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında iştirakçılar tərəfindən süni intellekt, rəqəmsal transformasiya və iqlim fəaliyyətinə dair müxtəlif elmi tədqiqatlar təqdim olunub, müzakirələr aparılıb.
Sonda moderatorların yekun çıxışları dinlənilib və iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, konfransın əsas məqsədi müasir şəhərsalma sahəsində innovativ yanaşmaların təşviqi, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və aktual problemlərin müzakirəsi üçün platforma yaratmaqdan ibarətdir.











