Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Türkiyənin Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən Fərid Babayev akademiyanın tədris prosesi, elmi fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib, ali təhsil müəssisələri arasında əməkdaşlığa dair fikirlərini səsləndirib.
Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu rəhbərlik etdiyi ali təhsil ocağının kadr hazırlığı sistemi, tədris metodları, tələbələrin elmi və şəxsi inkişafına yönəlmiş fəaliyyəti barədə danışıb.
Görüş çərçivəsində birgə təlim proqramlarının hazırlanması, elmi tədqiqatların aparılması, ortaq layihələrin icrası, həmçinin müəllim və tələbə mübadiləsinin təşkili məsələləri müzakirə olunub.
Görüşün sonunda tərəflər arasında təhsil və elm sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sənəddə tədris və tədqiqat sahələrində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, elmi seminar və konfransların təşkili, təcrübə mübadiləsi proqramlarının reallaşdırılması nəzərdə tutulur.




