AHİK-də Beynəlxalq Qadınlar Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə AHİK-in, üzv və tabe təşkilatların qadın əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan qadınının fədakarlığı və cəmiyyətin inkişafındakı rolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycan qadınının milli-mənəvi dəyərlərin qorunması, ana dilinin zənginləşdirilməsi, ədəbiyyat və mədəniyyətin inkişafındakı xidmətlərindən söz açıb, onların mübarizliyindən və xeyirxahlığından danışıb. Bildirilib ki, müasir Azərbaycanda qadın siyasətinin əsasını qoyan Ulu Öndər Heydər Əliyev qadınların ictimai-siyasi həyatda fəallığının artırılması, hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atıb, onların hərtərəfli fəaliyyəti üçün geniş imkanlar yaradıb.

Qeyd olunub ki, hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qadınların təhsil, elm, mədəniyyət və biznes sahələrində fəal iştirakı üçün ölkəmizdə əlverişli mühit formalaşıb, onlar dövlət qurumlarında, parlament və digər sahələrdə uğurla təmsil olunurlar.

Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti və humanitar təşəbbüsləri də xüsusi qeyd edilib. Azərbaycan qadınının parlaq obrazı olan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin milli mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verdiyi vurğulanıb.

Qadınların həmkarlar hərəkatında fəal iştirakının daim diqqət mərkəzində saxlanıldığını deyən Konfederasiya sədri bildirib ki, hazırda Azərbaycan həmkarlar ittifaqlarının üzvlərinin 50,4%-ni qadınlar təşkil edir, seçkili orqanlarda qadınların təmsilçiliyi isə 56 faizi ötüb. Həmçinin diqqətə çatdırılıb ki, AHİK tərəfindən qadınların əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi, liderlik bacarıqlarının artırılması və karyera yüksəlişi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova çıxışında ölkədə qadın hüquqlarının qanunvericiliklə təsbit olunmasından, xüsusilə əmək və məşğulluq sahəsində mövcud təminatlardan, həmçinin həmkarlar ittifaqları sistemində qadın liderliyi və təşəbbüskarlığının artmasından danışıb.

AHİK könüllüsü Könül Mirəlizadə isə həmkarlar ittifaqı sistemində qazandığı təcrübədən və qadın həmkarların mentorluq dəstəyindən bəhs edib, peşəkar və mənəvi keyfiyyətləri ilə Azərbaycan qadınının gənc nəsil üçün əsl örnək olduğunu bildirib.

Tədbir çərçivəsində AHİK-də çalışan qadın əməkdaşların fikirlərini və təbriklərini əks etdirən videoçarx da nümayiş olunub.

Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim edilib.