Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) tələbələrin və gənclərin əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasını təmin etmək məqsədilə təşkil olunan beynəlxalq sertifikatlı Help Desk təlimləri uğurla davam edir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı fonunda Help Desk sahəsi ən çox tələbat olan istiqamətlərdən biri hesab olunur. Bu baxımdan Akademiyada keçirilən təlimlər iştirakçılara həm nəzəri biliklərin, həm də praktiki bacarıqların formalaşdırılmasına imkan yaradır.
Təlim proqramı çərçivəsində iştirakçılara IT dəstək xidmətləri, texniki problemlərin diaqnostikası və həlli, istifadəçi müraciətlərinin idarə olunması, sistemlərin işləmə prinsipləri və müştəri yönümlü yanaşma kimi mühüm mövzular üzrə biliklər təqdim edilir.
Qeyd edək ki, kursu uğurla tamamlayan iştirakçılar beynəlxalq sertifikat əldə etmək imkanı qazanacaqlar. Bu isə onların gələcək karyera imkanlarını genişləndirməklə yanaşı, müasir əmək bazarında rəqabət qabiliyyətini artıracaq.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası gələcəkdə də tələbələrin bilik və bacarıqlarının inkişafı istiqamətində müxtəlif beynəlxalq standartlara uyğun təlim və layihələrin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.


