21 yanvar 2026-cı il tarixində, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” adlı monoqrafiyanın hazırlanıb ərsəyə gəlməsində əməyi keçən Azərbaycan və Türkiyənin tanınmış bir qrup alim və elmi-tədqiqatçılarını mükafatlandırıb.
İki qardaş ölkənin tanınmış alimləri – professor Mahira Hüseynova, dosent Elvin Talışınski, fəlsəfə doktorları Baha Ahmet Yılmaz, Fərahilə Babayeva-Şükürova, Şahismayıl İsmayılov və Cihangir İşbilir və digər elmi-tədqiqatçılar tərəfindən hazırlanmış ingilis dilində “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” adlı monoqrafiya Türkiyədə nəşr olunub.Tədbiri kiçik giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilk öncə nəşr edilən “Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” monoqrafiyasının yalnız elmi araşdırma deyil, həm də türk dünyasının mədəni və intellektual birliyini möhkəmləndirən mühüm hadisə olduğunu vurğulayıb. Monoqrafiyanın tarixi əhəmiyyətini türk xalqlarının birgə keçmişinə, ortaq mədəniyyətinə və intellektual irsinə nəzər salmaqla, onların tarixi yaddaşını möhkəmləndirməsi və milli kimliyin formalaşmasında fəlsəfi düşüncənin rolunu aydın şəkildə ortaya qoyaraq, türk xalqlarının ortaq köklərinin sistemləşdirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Bu münasibətlə keçirilən mükafatlandırma bölümündə ilk öncə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin ölkəmizdəki sabiq səfiri,“Ortaq kimlik və fəlsəfi irs: türk mədəniyyətində düşüncə tarixi” monoqrafiyasının elmi rəyçisi Hulusi Kılıçı və professor Mahirə Hüseynovanı AMEA-nın 80 illiyi münasibətilə təsis edilmiş döş nişanları ilə təltif edib. Kitabın ərsəyə gəlməsində dəstək olan digər alimlərə və elmin inkişafı istiqamətində əməkdaşlıq edən elmi-tədqiqatçılara AMEA və BZT Turan Akademiyasının “Fəxri Fərman” və “Təşəkkürnamələr”i təqdim edilib.
Onu da qeyd edək ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında fəaliyyət göstərən Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi ilə əməkdaşlıq edən BZT Turan Akademiyasının rəhbərliyi mərkəz tərəfindən nəşrlərin inkişafı üçün yüksək səviyyədə göstərilən xidmətlərə görə də hazırlanan özəl təşəkkürnaməni AƏSMA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru Xəyalə Məmmədovaya təqdim edib.
Mükafatlandırılan hər kəsi təbrik edir, alimlərə gələcək elmi axtarışlarında elmi və elmi-təşkilati fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.


