Səməd Vurğun adına Yaradıcılıq Evində yazıçılarla görüş keçirilib

Səməd Vurğun adına Yaradıcılıq Evində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Yazıçılar Birliyi arasında görüş keçirilib.


Görüşdə dövlətimizin başçısı cənab İlham Əliyevin ədəbiyyat və incənətə böyük diqqət və qayğısı vurğulanıb, şair və yazıçıların əməyinin yüksək qiymətləndirildiyi qeyd olunub.


Bildirilib ki, Səməd Vurğun adına Yaradıcılıq Evində müasir şəraitin yaradılması da şair və yazıçılara dövlət tərəfindən göstərilən dəstəyin daha bir göstəricisidir. Məlumat verilib ki, Yaradıcılıq Evində rahat və müasir avadanlıqlarla təchiz olunmuş otaqlar, tədbirlərin, yaradıcılıq gecələrinin keçirilməsi üçün konfrans zalı, kinoteatr, kitabxana, istirahət zonaları, idman meydançaları vardır. Burada yaradıcılıq üçün münbit ədəbi mühit formalaşdırılıb.


Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev qələm sahiblərinə göstərilən qayğıya, eləcə də Səməd Vurğun adına Yaradıcılıq Evində yaradılan şəraitə, yaradıcı mühitə görə dövlət başçısına minnətdarlığını ifadə edib.


Görüşdə AHİK-in həyata keçirdiyi layihələr və tətbiq etdiyi yeniliklər barədə məlumat verilib, şair və yazıçıların Səməd Vurğun adına Yaradıcılıq Evinin imkanlarından geniş şəkildə yararlaması üçün AHİK tərəfindən bütün tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.


Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri Səməd Vurğun adına Yaradıcılıq Evində yaradılan şəraitlə tanış olublar.