14 yanvar 2026-cı il tarixində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) fəaliyyət göstərən Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin “Redaktorluq məktəbi” layihəsinin növbəti təlimi baş tutdu.
Təlimin açılışında Hərbi Elmi Tədqiqat İnstitutunun rektor müavini polkovnik Rəşad Tahirov, Milli Müdafiə Universitetinin rektoru general –mayor Gündüz Əbdülovun Milli Müdafiə Universitetinin elmi nəşrləri və tədqiqatlarının beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması məqsədilə dəstək üçün təşkil edən təlim üçün “ Redaktorluq Məktəbi” layihəsinin rəhbəri,təlimçi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədovaya, təşkilatçılara, iştirakçılara ünvanladığı salamlama və təşəkkür məktubunu səsləndirib.Daha sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının təlim-tərbiyə işləri üzrə prorektoru və rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayevin açılış nitqindən sonra sonra söz təlimi aparmaq üçün Xəyalə Məmmədovaya verilib.
Layihə çərçivəsində “Milli Müdafiə Universitetinin elmi məqalələrinin strukturlaşdırılmasına və elmi nəşrlərinin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılmasına dəstək” mövzusunda keçirilən təlimdə elmi nəşrlərin keyfiyyətinin artırılması, redaktorların hazırlığı və beynəlxalq standartlara uyğun identifikasiyası, jurnalın idarə edilməsi prinsipləri, çap olunan elmi- məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər məsələlər geniş müzakirə olundu.
Layihə üzrə AƏSMA-da fəaliyyət göstərən Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi ilə Milli Müdafiə Universitetinin elmi jurnalları arasında Rəqəmsal Obyekt İdentifikatoru (DOİ) nömrələrinin təminatı və elmi nəşrlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan uzunmüddətli əməkdaşlıqdan bəhs olunub, həmçinin əldə olunan bilik və təcrübənin gələcəkdə elmi nəşrlərin keyfiyyətinin artırılmasına töhfə verəcəyi vurğulanıb.
İştirakçılarla müzakirə bölümündə Xəyalə Məmmədova elmi məqalələrin tərtib qaydaları, məqalələrə istinadlar üçün sistemin, həmçinin jurnalın elektron resursunun (saytının) yaradılması ilə bağlı verilən sualları cavablandırıb və praktiki tövsiyələrini çatdırıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.







