Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edilib.
Konfederasiyanın kollektivi, üzv və tabe təşkilatların əməkdaşları, həmkarlar ittifaqlarının üzvləri və AHİK könüllülərinin iştirak etdiyi tədbirdə 2025-ci il ərzində görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqlarının üzvləri adından cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dövlətimizin başçısının müdrik rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunduğunu, Azərbaycanın güclü, müstəqil və qalib dövlət kimi dünyada nüfuzunun daha da artığını diqqətə çatdırıb.
Bildirilib ki, 2025-ci il ölkəmizin davamlı inkişafı fonunda ictimai-siyasi və sosial-iqtisadi sahələrdə əldə olunan mühüm uğurlar, eləcə də həmkarlar ittifaqları hərəkatının fəaliyyətində əhəmiyyətli nəticələr və mühüm nailiyyətlərlə yadda qalıb.
Qeyd olunub ki, AHİK-in VIII Qurultayı keçirilib və qurultay həmkarlar ittifaqları hərəkatının mövcud vəziyyətinin təhlili, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi önəm kəsb edir.
Həmçinin il ərzində əmək hüquqlarının müdafiəsi, layiqli əmək şəraitinin yaradılması, sosial tərəfdaşlığın gücləndirilməsi, eyni zamanda gənclər və könüllülərlə iş sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində AHİK-in VIII Qurultayının təşkilində fəal iştirakına görə əməkdaşlara və könüllülərə təşəkkürnamələr təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.















