Milli İnternet Mükafatı - “MilliNet 2025” müsabiqəsinin yekun təqdimat mərasimi keçirilib.
Tədbirdə “MilliNet 2025”in Təşkilat komitəsinin rəhbəri, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cari il ərzində müsabiqə çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Bildirilib ki, “MilliNet 2025” müsabiqəsinə 13 nominasiya üzrə 179 rəqəmsal resurs təqdim olunub. Peşəkarlardan ibarət 15 nəfərlik münsiflər heyətinin 13 üzvü yekun səsvermədə iştirak edib. Qeyd edilib ki, münsiflər heyəti ikinci səsvermə mərhələsində 63 nominant arasından ən yaxşıları seçib.
Tədbirdə qaliblərə, həmçinin ikinci və üçüncü yerləri tutan iştirakçılara milli internet mükafatları, diplomlar və hədiyyələr təqdim olunub.
“İlin rəqəmsal mədəniyyət və turizm həlli” nominasiyası üzrə müsabiqədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının e-AHİK Elektron Rezervasiya Platforması ikinci yerə layiq görülüb.
Qeyd edək ki, e-AHİK Elektron Rezervasiya Platforması 2025-ci il iyunun 4-də istifadəyə verilib. Sistem yollayışların verilməsi prosesində əlçatanlığın, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılıb. Vətəndaşlar bu elektron sistem vasitəsilə müalicə və istirahət mərkəzlərinə yollayışları daha asan və rahat şəkildə əldə edə bilirlər.




