Dekabrın 3-də AMEA-nın Rəyasət Heyətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin “Azərbaycanda elmi nəşrlərin beynəlxalq elmmetrik meyarlara uyğunlaşdırılması: “Redaktorluq məktəbi” layihəsinin təqdimatı keçirilmişdir. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Musa Mirzəyev, Əmək və Sosial Münasibətlər Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları və aidiyyəti şəxslər iştirak ediblər.Xəyalə Məmmədova layihə haqqında təqdimat şəklində çıxış edərək , iştirakçıların suallarını cavablandırıb.
5 dekabr 2025-ci il tarixində, tədbirin ikinci hissəsi olaraq, AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə AMEA-da fəaliyyət göstərən bir sıra elmi jurnallarının redaktoru və redaksiya heyəti üzlərinin iştirakı etdiyi “Nəşrlərin effektiv idarəetmə sistemində lazımi biliklərin yaradılması və mübadiləsinə təşviq” adlı təlim Xəyalə Məmmədova tərəfindən həyata keçirildi, geniş müzakirə aparıldı. Məqalələrin və elmi jurnalın tərtib qaydaları, məqalələrə istinadlar üçün sistemin və həmçinin jurnalın elektron resursunun (saytının) yaradılmasının vacibliyindən danışıb.
“Bizim məqsədimiz azərbaycanlı alimlərin dünyaya çıxışını asanlaşdırmaqdır”, - deyə mühazirəçi vurğulayıb.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev bildirib ki, bu il ilk dəfə olaraq institutun ingilis dilində beynəlxalq elmi resenziyalı “Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı” (“Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology”) nəşr edildi. “Bu işdə Xəyalə Məmmədova bizə dəstək oldu və o, gələcəkdə də jurnalın müasir meyarlara uyğunluğu məsələsində bizimlə birlikdə olacaq”, - deyə Fərhad Quliyev bildirib.

