Azərbaycan Əmək və Sosial Münasibətlər akademiyasında “Tədrisin keyfiyyətinə nəzarət” Komissiyasının tədbiri keçirildi.

Tədbirdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və tələbə məmnunluğunun artırılması istiqamətində görüləcək işlər müzakirə olundu.


Tədbirdə rektor vəzifəsini icra edən t.ü.f.d. Fərid Babayev ali təhsildə keyfiyyət təminatının strateji əhəmiyyətini vurğulamış, tədrisin keyfiyyətinin artırılmasında müəllimlər və tələbələrin mühüm rol oynadığını qeyd etmişdir. O, akademiyada şəffaf, innovativ və nəticəyə yönəlik idarəetmə modelinin tətbiqinin vacibliyini xüsusi olaraq qeyd edərək, bu yanaşmanın tədris prosesinin müasir tələblərə uyğunlaşdırılmasında əhəmiyyətini önə çəkmişdir. Həmçinin, tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbə məmnuniyyətinin artırılması sahəsində sistemli yanaşmaların tətbiqi, müasir idarəetmə prinsiplərinin inteqrasiyası baxımından əhəmiyyətli bir addım olaraq qiymətləndirildiyi qeyd olunub.


Tədrisdə Keyfiyyət Təminatı Komissiyasının sədri Aytən Ağayeva çıxışında komissiyanın illik fəaliyyət planını təqdim etmiş, həmçinin dərs prosesinin monitorinqi və digər əlaqəli fəaliyyətlər barədə məlumat vermişdir. O, tələbə məmnuniyyətinin ölçülməsi məqsədilə keçiriləcək sorğuların əhəmiyyətini vurğulayaraq, bu sorğulardan əldə olunan nəticələrin tədris prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin artırılması baxımından dəyərli olacağını bildirmişdir.