Sentyabrın 8-dən 12-dək İtaliyanın Turin şəhərində yerləşən Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Təlim Mərkəzində “İş yerində süni intellektin formalaşdırılması: ədalətli rəqəmsal gələcək üçün sosial tərəfdaşların səlahiyyətləndirilməsi” mövzusunda təlim proqramı keçirilib.
BƏT-in Beynəlxalq Təlim Mərkəzi və İşəgötürənlərin Fəaliyyətləri Bürosunun birgə təşkilatçılığı ilə təşkil olunan təlimdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının şöbə müdiri Səadət Əliyeva da iştirak edib.
Təlim zamanı Qlobal Sosial Tərəfdaşlar Akademiyasının ekspertləri tərəfindən iştirakçılara süni intellektin işçi qüvvəsi və təşkilatların fəaliyyətinə təsiri, bu sahədə sosial dialoqun inkişaf etdirilməsi, yenidən ixtisaslaşdırma təşəbbüsləri və süni intellektin tənzimlənməsi mexanizmləri barədə geniş məlumat verilib.
Həmçinin proqram zamanı “Süni intellektin iş yerində ədalətli şəkildə tətbiqini təmin etmək üçün təşəbbüs” müsabiqəsi təşkil olunub. Səadət Əliyeva bu müsabiqədə təqdimatı ilə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, təlim proqramının birinci mərhələsi 2025-ci il iyunun 16-dan iyulun 11-dək onlayn formatda keçirilib.