Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlər genişlənir

Türkiyənin ən böyük həmkarlar ittifaqı olan “Hak-İş” Konfederasiyasının nümayəndələri ölkəmizdə səfərdə olub.


Qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Şəhidlər xiyabanına gələn nümayəndələr Azərbaycanın azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini anıb, həmçinin Türk şəhidliyini ziyarət ediblər.


Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) “Hak-İş” Konfederasiyasının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və perspektivlərdən danışılıb.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə əsaslı təmələ sahib olan qardaş ölkələrimiz arasında əlaqələr cənab Prezident İlham Əliyevin və cənab Prezident Rəcəb Tayyib Ərdoğanın birgə səyləri ilə özünün ən yüksək inkişaf mərhələsindədir. Bütün bunlar ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafına geniş imkanlar açır.


Tədbirdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətinin səmərəli təşkili istiqamətində aparılan islahatlar, reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib.


“Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslan Azərbaycan və Türkiyə arasında dostluğun Türk dünyasında birliyin və əməkdaşlığın nümunəsi olduğunu qeyd edib, Azərbaycan həmkarlar ittifaqları sistemində son zamanlar tətbiq olunan yenilikləri yüksək dəyərləndirib.


Görüşdə bu cür səfərlərin, fikir və təcrübə mübadiləsinin, qarşılıqlı dəstəyin həmkarlar ittifaqı üzvlərinin maraqlarına xidmət etdiyi vurğulanıb, AHİK və “Hak-İş” Konfederasiyası arasında əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.


Səfər çərçivəsində “Hak-İş” Konfederasiyasının nümayəndələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil ocağının fəaliyyəti, tədris prosesi, “Abşeron” sağlamlıq mərkəzində isə göstərilən xidmətlər, müalicə-profilaktika prosedurları ilə tanış olublar.