Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən Özbəkistanın Daşkənd şəhərində “Beynəlxalq əmək standartlarının təşviqində həmkarlar ittifaqlarının rolu: beynəlxalq təcrübə və Özbəkistan nümunəsi” mövzusunda elmi-praktiki konfrans keçirilir.
Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının Baş katibi Luk Trianql, Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının sədri Ergün Atalay, BƏT-in İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) direktoru xanım Maria Helena Andrenin və müxtəlif ölkələrin həmkarlar ittifaqı rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də təmsil olunur.
Konfrans çərçivəsində “Beynəlxalq əmək standartlarının təşviqində milli həmkarlar ittifaqı mərkəzlərinin strategiyası və yanaşmaları” mövzusunda keçirilən panel müzakirələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycan həmkarlar ittifaqı modeli, həyata keçirilən layihələr, tətbiq olunan yeniliklər haqqında danışıb.
Bildirilib ki, Azərbaycan həmkarlar ittifaqları əmək münasibətlərinin tənzimlənməsində fəaliyyətini hökumət və işəgötürənlərlə sosial dialoq əsasında qurur. Üç ildən bir hökumət, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Bu sənəd əmək münasibətlərində tərəflərin mövqelərinin və fəaliyyət istiqamətlərinin uzlaşdırılmasını təmin edir.
Konfederasiya sədri həmçinin ölkəmizdə beynəlxalq əmək standartlarının tətbiqi, kollektiv müqavilələrin əhəmiyyəti, eləcə də əmək hüquqlarının daha etibarlı müdafiəsi sahəsində son dövrlər görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib.