AƏSMA-da Özbəkistan həmkarlar ittifaqları nümayəndələri üçün təlimlər başa çatıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri üçün əməyin təhlükəsizliyi mövzusunda keçirilən təlimlər başa çatıb.

Üç gün davam edən təlimlər zamanı mütəxəssislər tərəfindən Özbəkistan nümayəndələrinə əmək hüquqları, əməyin mühafizəsi, bu sahələrdə mövcud olan beynəlxalq konvensiyalar, müasir yanaşmalar və qabaqcıl təcrübələr haqqında ətraflı məlumat verilib.

Tədbir prosesində interaktiv müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Təlimlərin sonunda Özbəkistan həmkarlar ittifaqları nümayəndələrinə sertifikatlar təqdim olunub.

Sonra AHİK-in “Abşeron” və “Şıx” sanatoriyalarına baş çəkən Özbəkistan nümayəndələri burada müalicə və istirahət üçün yaradılmış şərait, müalicə üsulları və müasir tibbi avadanlıqlarla tanış olublar. Bildirilib ki, Konfederasiya tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması, istirahətinin səmərəli təşkili üçün sistemli və ardıcıl tədbirlər həyata keçirilir, sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şərait yaradılır. Hər iki sanatoriyada mövcud imkanlar və müalicə xidmətləri Özbəkistan nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Özbəkistan həmkarlar ittifaqlarının nümayəndələri Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən təlimlərin, aparılan təcrübə və fikir mübadiləsinin onların gələcək fəaliyyəti üçün faydalı olacağını vurğulayıb və minnətdarlıqlarını ifadə ediblər.